ABŞ Konqresində Qarabağ erməniləri ilə bağlı dinləmələr: “Etnik təmizlənmə” kimi qiymətləndirilib

ABŞ, Ermənistan və Azərbaycan. Mənbə: OnePixelStudio/shutterstock

Bakı iddiaları bölüşmür, qərəzli və əsassız sayır

Sentyabrın 19-da ABŞ Konqresinin İnsan Hüquqları Komitəsi Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə qarşı törətdiyi pozuntularla bağlı dinləmələr keçirib.

Bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

Çıxış edən konqresmenlər ABŞ hökumətinin Dağlıq Qarabağ ermənilərinin hüquqlarının müdafiəsində daha qətiyyətli olması ilə ortaq mövqe nümayiş etdiriblər.

Komissiyanın həmsədri Kristofer Smit bölgənin 9 aylıq blokadasını və Azərbaycanın hərbi hücumunu “soyqırımı” kimi qiymətləndirib.

Birləşmiş Ştatlar hökuməti hakimiyyətdə kimin, demokratların və ya respublikaçıların olmasından asılı olmayaraq, insan hüquqlarının bu cür pozulmasını açıq şəkildə pisləməlidir. Mən çox təəssüf edirəm ki, ABŞ Azərbaycanın COP29-un Bakıda keçirilməsi tələbinə etiraz etmədi”, – deyən amerikalı konqresmen qeyd edib ki, Qarabağ ermənilərinə öz evlərinə qayıtmaq imkanı verilməlidir.

Tədbirə qatılan keçmiş “Dağlıq Qarabağ”ın ombudsmanı Qeqam Stepanyan Azərbaycanın blokadası zamanı insanların yaşadıqları məhrumiyyətlər, aclıq, hərbi hücumlar və köçkünlər barədə ətraflı danışıb:

Biz Rusiya sülhməramlılarının gözü qarşısında evlərimizdən zorla köçürüldük. Həmçinin Qarabağa növbəti hücuma dözməyəcəyini açıqlayan ABŞ-ın gözü qarşısında”.

ABŞ Konqresi. Foto: Shutterstock\onemoreimage

O, beynəlxalq ictimaiyyətə köçkün ermənilərinin hüquqlarının müdafiəsi ilə bağlı təkliflər təqdim edib:

Məcburi köçkünlərə adekvat beynəlxalq dəstəyi təmin edin. Ermənistan hökumətinin məhdud resurslarla verdiyi dəstək məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün kifayət etmir, buna görə də minlərlə insan yoxsulluq içində yaşayır, onlar bir çox sosial problemlərlə üzləşirlər. Ermənistan və “Artsax”a qarşı hücumlar və hərbi cinayətlərə görə Azərbaycana qarşı məqsədyönlü sanksiyalar tətbiq edilməlidir”.

Qeqam Stepanyanın eyni zamanda, erməni əsirlərin azad edilməsi üçün səy göstərilməsini də dilə gətirib:

Həmçinin beynəlxalq müdafiə altında “Artsax” vətəndaşlarının kollektiv, ləyaqətli və təhlükəsiz qayıtmasını müzakirə etmək üçün etibarlı beynəlxalq platforma yaratmaq lazımdır. Bu məsələ Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə daxil edilməyib. Bu, qəbuledilməzdir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə ABŞ Konqresinin İnsan Hüquqları Komitəsindəki dinləmələrə reaksiya verib.

Onun sözlərinə görə, ABŞ Konqresində bəzi qruplar Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik nümayiş etdirir.

Hacızadə qeyd edib ki, bu, onların Azərbaycandakı vəziyyəti insan hüquqları pərdəsi altında necə təhrif etdiklərinin növbəti təzahürüdür:

Bu cür birtərəfli və qərəzli tədbirlər uzun müddətdir ki, ABŞ Konqresi üçün adi hal alıb. Üstəlik, sözügedən dinləməni təşkil edən konqresmenlərin özlərini dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini dərindən dəstəkləyən şəxslər kimi təqdim etməsinin fonunda keçmiş separatçı rejimin nümayəndələrinin də bu dinləmələrdə iştirakı təsəvvür edilə bilən bütün çərçivələri aşır”.

Ayxan Hacızadə. Foto: “azertag.az”

Onun fikrincə, Azərbaycanla bağlı bütün faktları açıq şəkildə təhrif edən və saxtalaşdıran bu cür tədbirin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir:

Azərbaycanın ötən il həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və Azərbaycan heç vaxt mülki əhalini hədəf almayıb. Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşı törədilmiş genişmiqyaslı etnik təmizləmə və qətliamlar, eləcə də Azərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi isə əksinə, heç vaxt ABŞ Konqresi tərəfindən qınanmayıb. Ermənistandan fərqli olaraq, Azərbaycan dəfələrlə erməniləri və azərbaycanlıları birgə yaşamağa və əməkdaşlığa çağırıb və ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquq və imtiyazlarla təmin oluna, müdafiə və təhlükəsizlikdən yararlana biləcəklərinə dair təminat verib”.

“Bununla yanaşı, erməni diasporu tərəfindən maliyyələşdirilən bəzi şəxs və təşkilatların dinləmələr zamanı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və bu kimi bəyanatları qətiyyətlə pisləyirik”, – deyə Hacızadə fikrini tamamlayıb.

Dünən Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanın bölgədə keçirdiyi lokal hərbi əməliyyatla bağlı bəyanat yayıb.

Nazirlik iddia edir ki, bir il əvvəl Azərbaycanın hərbi hücumu nəticəsində Dağlıq Qarabağın bütün yerli əhalisi, 115 mindən çox erməni bir neçə gün ərzində öz evlərini tərk etmək məcburiyyətində qalıb:

Ermənistan Xarici İşlər Nazirliyi. Mənbə: “mfa.am”

Etnik təmizləmə siyasətinin son mərhələsinə çevrilən bu məcburi köçkünlük BMT Baş Assambleyasının sessiyası zamanı bütün beynəlxalq ictimaiyyətin münaqişələrin sülh yolu ilə həllinin, sabitliyin və inkişafın bərqərar olunmasının zəruriliyini bir daha müzakirə etdiyi zaman baş verib. Son bir il ərzində Ermənistan hökuməti, o cümlədən beynəlxalq tərəfdaşların dəstəyi ilə Dağlıq Qarabağın məcburi köçkün ermənilərinin yaxın və orta müddətli ehtiyaclarını ödəmək, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün zəruri addımları atıb”.

Bəyanatda qeyd olunur ki, Cənubi Qafqazda davamlılığın təmin edilməsi məsələsində Ermənistanın mövqeyi konkret və aydındır: suverenlik və ərazi bütövlüyünə hörmət əsasında sülhün və münasibətlərin tezliklə bərqərar olması, davamlı inkişaf, səmərəli qarşılıqlı əlaqə və firavanlıq.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatda səslənən bəzi fikirləri qəbuledilməz sayıb.

XİN bildirib ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək Qarabağ iqtisadi rayonundan tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycanın suverenliyinin və konstitusiya quruluşunun bərpasıdır:

XİN
Foto: XİN

Ona görə də lokal xarakterli antiterror tədbirlərinin Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən “Dağlıq Qarabağa hücum” və “etnik təmizləmə” kimi qələmə verilməsi qəbuledilməzdir. Sülhpərvər ölkə olduğunu iddia etməsinə baxmayaraq, Ermənistan tərəfindən Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın “Dağlıq-Qarabağ” kimi qondarma adlarla çağırılması Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hörmətsizliyin bariz nümunəsidir”.

Nazirlik hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması və nəticə etibarilə yekun sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb:

“Ermənistan tərəfindən tarixi sülh fürsətinin əldən verilməməsi üçün sözügedən iddiaların aradan qaldırılması istiqamətində tezliklə lazımi adekvat addımların atılması zəruridir”.

Sentyabrın 20-də Ermənistan müxalifəti və özünü buraxan “Dağlıq Qarabağ Respublikası”nın nümayəndələri Azərbaycanın bölgədə tam nəzarətini bərpa etməsi ilə bağlı Yerevandakı hərbi qəbiristanlığı ziyarət ediblər.

Ermənistan hökumətindən heç kimin tədbirə qatılmadığı bildirilir.

Bu gün həmçinin Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti son bir ildə keçmiş Dağlıq Qarabağın 4473 vətəndaşının vətəndaşlığı almaq üçün müraciət etdiyi haqda açıqlama yayıb.

Bu barədə sentyabrın 20-da “Armenpress”ə danışan xidmətin rəisi Armen Kazaryanın bildirdiyinə görə, qeyd olunan müddət ərzində hökumətin qərarından sonra 433 nəfər vətəndaşlıq almaq üçün müraciətdən imtina edib:

Bu ilin birinci rübündə 991, ikinci rübdə – 1187, iyulun 1-dən sentyabrın 10-dək isə 1781 nəfər vətəndaşlıq alıb”.

Azərbaycanın dövlət başçısı İlham Əliyev dünən Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi haqda sərəncam imzalayıb.

Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək:

2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının almaq və Ermənistan silahlı qüvvələrini tərksilah edərək çıxarmaq, həmçinin konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə hərbi əməliyyata başlayıb. Beləliklə, sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib”.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətABŞ Konqresində Qarabağ erməniləri ilə bağlı dinləmələr: “Etnik təmizlənmə” kimi qiymətləndirilib