Onlardan birinin İran kəşfiyyatının zabiti olduğu bildirilir
ABŞ-da Tehran kəşfiyyatına işlədiyi iddia olunan dörd iranlı
saxlanılıb
.
ABŞ prokurorluğu onların Nyu-Yorkda İranı tənqid edən və insan haqları müdafiəçisi bir jurnalisti qaçırma planı hazırladıqlarını iddia edir.
İran hökuməti bu ittihamları əsassız sayıb. Ancaq ABŞ şübhəlilərdən birinin İran kəşfiyyatının zabiti, digər üç nəfərinsə İranın kəşfiyyat şəbəkəsinin üzvləri olduğunu bildirib.
ABŞ səlahiyyətliliəri iddia edirlər ki, son illərdə İran kəşfiyyat zabitləri bir neçə dəfə xarici aktivistləri qaçırıb.
Onlar bu dəfə də jurnalistin oğurlanması planının İran hökuməti tərəfindən dəstəkləndiyini iddia edirlər.
ABŞ Ədliyyə Nazirliyi jurnalistin kimliyini açıqlamayıb. Yalnız onu bildirib ki, o, Bruklində yaşayır və ABŞ vətəndaşıdır. Eyni zamanda, insan haqları fəalıdır.
Ədliyyə Nazirliyi “Reuters” agentliyinin “Voice of America”nın fars dili xidməti ilə əməkdaşlıq edən İran əsilli amerikalı jurnalist Masih Alinejadın belə bir planın hədəfi olub-olmadığına dair sualına da şərh verməkdən imtina edib.
“Reuters”ə danışan Alinejad şok vəziyyətdə olduğunu bildirib.
Jurnalist özünün “Twitter” səhifəsində isə bunları yazıb: “İslam Respublikası Kəşfiyyat Nazirliyinin mənim oğurlanmam planının qarşısını aldığına görə FTB-yə minnətdaram. Bu plan Ruhaninin hökuməti tərəfindən idarə olunub”.
“Voice of America” üçün hazırladığı video bəyanatda isə Alinejad onu və ailəsini mühafizə etdiyinə görə ABŞ hakimiyyətinə minnətdarlığını bildirib.
Nyu York Cənub bölgəsinin prokuroru Odri Ştraus isə deyib ki, onda olan məlumata görə, dörd müttəhim rejim avtokratiyasını tənqid edən İran mənşəli ABŞ vətəndaşını izləyiblər və onu qaçırmaq istəyiblər: “Sonrakı planları qurbanlarını zorla İrana aparmaq olub. Əgər bu baş versəydi, orada həmin insanın taleyi ən yaxşı halda qeyri-müəyyən olacaqdı”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə bu iddiaları “axmaq və əsassız” adlandırıb.
FTB-nin Nyu York ofisindən isə bildirilib ki, İran hökuməti tərəfindən dəstəklənən bir qrup ABŞ-da mənzillənmiş jurnalisti oğurlamaq istəyib: “Onlar həmin şəxsi bizim torpağımızda oğurlamağı və zorla İrana qaytarmağı planlaşdırıblar”.
“Reuters” yazır ki, İran daha əvvəl də belə yollara əl atıb. Məsələn, 2019-cu ildə İran kəşfiyyat zabitləri Fransada yaşayan jurnalist Ruhullah Zamı ölkədən zorla çıxarıb.
Onu İranda qiyam ittihamı ilə həbs edib, sonra isə barəsində edam qərarı veriblər.
Ehtimal olunur ki, Alinejad İranda qadınların başlarını örtmələrini tələb edən qanunları tənqid etdiyi, eyni zamanda, 2019-cu ildə baş verən aksiyalarda öldürülən iranlıları tez-tez gündəmə gətirdiyi üçün İranın qəzəbini üzərinə çəkib.
FTB hələ ilin əvvəlində Alinejada xəbərdarlıq edib.
İranın onunla bağlı oğurlama planı olduğunu söyləyib.
Jurnalisti və həyat yoldaşını təhlükəsiz yerə köçürüb.
Jurnalist bildirir ki, Amerikada belə təhlükəsiz olmadığına hələ də inana bilmir.