ABŞ-ın Tayvanda Çinə mesajı

Foto: Reuters

Pelosi: “Dünya avtokratiya və demokratiya arasında seçim qarşısındadır”

Avqustun 2-də ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana gəlib.

O, son 25 ildə Tayvana səfər edən ən yüksək rütbəli ABŞ rəsmisidir.

N.Pelosinin səfəri Çin və ABŞ arasında gərginliyin artmasına səbəb olub.

Çin iddia edir ki, Tayvan onun suveren ərazisidir və lazım gələrsə, güc tətbiq edəcək.

Nümayəndələr Palatasının spikeri “Twitter” hesabında yazıb ki, onun gəlişi Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla Hind-Sakit okean hövzəsi ölkələrinə səfərinin tərkib hissəsidir:

“Əsas diqqət qarşılıqlı təhlükəsizlik, iqtisadi tərəfdaşlıq və demokratik idarəçilikdir. Tayvan rəhbərliyi ilə müzakirələrimiz tərəfdaşımıza dəstəyimizi bir daha təsdiqləmək və azad və açıq Hind-Sakit okean regionunu inkişaf etdirmək də daxil olmaqla, ortaq maraqlarımızı təşviq etmək üzərində qurulacaq. Amerikanın Tayvanın 23 milyon əhalisi ilə həmrəyliyi bu gün həmişəkindən daha vacibdir, çünki dünya avtokratiya və demokratiya arasında seçim qarşısındadır”.

N.Pelosi hesab edir ki, səfəri 1979-cu ildə imzalanan Tayvan Münasibətləri Aktına və ABŞ-Çin Birgə Kommunikelərinə, Vaşinqtonun bu sahədəki uzunmüddətli siyasətinə zidd deyil.

Çin isə Pelosinin səfərinin davam etdirəcəyi təqdirdə “qətiyyətli addımlar” atacağını deyir və Tayvana xəbərdarlıq edib.

Rusiyanın “İnterfaks” agentliyi Çinin CGTN telekanalına istinadən Pekinin tezliklə Tayvan yaxınlığında bir sıra hərbi əməliyyatlara başlayacağı barədə məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın hərəkətləri Tayvanın müstəqillik tərəfdarı olan qüvvələrə yanlış mesaj verir:

“Tayvan hakimiyyətinin hərəkətləri son dərəcə təhlükəlidir və ağır nəticələrə gətirib çıxaracaq”.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian bildirmişdi ki, Çin Pelosinin Tayvana səfər edəcəyi təqdirdə ABŞ-la ən yüksək səviyyədə dialoqu dayandırmağa hazırdır.

Ana səhifəDünyaABŞ-ın Tayvanda Çinə mesajı