Mehman Əliyev sanksiyanın siyasi mesaj olduğu qənaətindədir
“ABŞ Dövlət Departamentinin Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel” kimi tanınır) əməkdaşı Kərim Əlimərdanova qarşı sanksiya tətbiq etməsi ilk presedentdir. Presedent əsasında da siyahını artırmaq olar və bu, o qədər də vaxt aparmayacaq”.
Bunu “Turan İA”-nın direktoru Mehman Əliyev Dövlət Departamentinin sanksiyasını Meydan TV-yə şərh edərkən deyib.
Mehman Əliyev hesab edir ki, departamentin sanksiya qərarı Azərbaycan hakimiyyətinə xəbərdarlıqdır:
“Yəni bu tipli cinayətlər davam etsə, hökumət rəsmiləri həmin qanunun təsiri altına düşəcəklər”.
O, həmçinin departamentin qərarını siyasi addım sayır:
“Bu, onu göstərir ki, Vaşinqton rəsmi Bakıya qarşı hər hansı sərt addım ata bilir. Təkcə işgəncələr bağlı yox, başqa sahələrdə də insan haqları pozuntuları olarsa, oxşar addımlar təkrarlana bilər. Nəzərə alın ki, departamentin qərarının Beynəlxalq İnsan Hüquqları Günündə qəbul edilməsi insan haqları ilə bağlı bütün məsələləri əhatə etdiyi anlamına gəlməlidir”.
Mehman Əliyev xatırladıb ki, ABŞ Azərbaycana qarşı uzun müddət belə addım atmayıb, həmişə danışıqlara və dialoqa dəvət edib:
“Dövlət Departamentinin qərarı narazılığın güclü olduğunu göstərir. Əgər Azərbaycan hakimiyyəti belə davam edərsə, daha sərt qərarlar olacaq”.
Onun sözlərinə görə, hökumət bundan sonra çalışacaq ki, işgəncə hallarına yol verilməsin:
“Bilmirəm, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə əlaqədar hansı qərarı qəbul edəcəklər. Amma hesab edirəm ki, artıq sanksiya var və Bakıya mesaj verilir. Hətta diplomatik kanallar vasitəsilə Bakıdan cavab istənilənəcək. Yəni işgəncə halları haqda nə etmək fikrindəsiniz, əlbəttə, bu sorğu olacaq, bəlkə də, var”.
“Mən inanmıram ki, hakimiyyət sanksiyaların davam etməsini istəsin. Ona görə də Bakı hansısa addımlar atacaq, işgəncələr səngiyəcək. Bütün hallarda Dövlət Departamentinin sanksiya qərarı çox ciddi hadisədir. Artıq “qırmızı xətt” keçilib. Məsələ ondadır ki, hakimiyyət bu cür məsələlərə çox ciddi yanaşıb, sanksiya təhlükəsi yarananda dialoqa gedirdi”, – deyə o bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-nin sorğusuna cavab verilməyib.
Bildirilib ki, bu işlə bağlı məhkəmə olduğundan hər hansı şərh olmayacaq.
Dekabrın 10-da Amerika Birləşmiş Ştatları Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel” kimi tanınır) əməkdaşı Kərim Əlimərdanova qarşı sanksiya tətbiq edib.
Bu tədbirlərə Qlobal Maqnitski Aktına əsaslanan icra sərəncamı və maliyyə sanksiyaları, həmçinin viza məhdudiyyətləri daxildir.
Dövlət Departamenti Kərim Əlimərdanovu 2015 və 2016-cı illərdə insan hüquqlarını kobud şəkildə pozması və məhbuslara işgəncə verilməsində iştirakına görə sanksiyaya salıb.
Kərim Əlimərdanovun adı ictimai fəal Elgiz Qəhrəmanın məhkəməsində və “Nardaran hadisələri”ndə hallanıb.