Blinken tərəfdaşlıq haqqında sənədi münasibətlərin mühüm mərhələsi adlandırdı
Ermənistanla Amerika Birləşmiş Ştatları strateji tərəfdaşlıq haqqında sənəd imzalayıblar.
Bu barədə “Armenpress”in məlumat yayıb.
Bildirilir ki, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken imzalayıb.
Sənədin imzalanması mərasimi Vaşinqtonda Ermənistan XİN rəhbəri ilə ABŞ dövlət katibi arasında keçirilən görüş çərçivəsində baş tutub.
ABŞ dövlət katibi Antoni Blinken sənədin imzalanmasını Ermənistanla ABŞ arasında münasibətlərin mühüm mərhələsi adlandırıb:
“Biz ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Komissiyası yaradırıq. Bu bizə iqtisadi məsələlər, təhlükəsizlik və müdafiə, demokratiya, ədalət sahələrində əməkdaşlığı genişləndirmək imkanı verir”, – Blinken belə deyib.
Ararat Mirzoyan qeyd edib ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq sənədi dövlətlər arasındakı münasibətlərdə möhkəm təməl yaradır və əməkdaşlığı daha gücləndirir:
“Tərəfdaşlıq sənədi bir çox sahələri əhatə edir. Bu sənəd iqtisadi və enerji əlaqələrinin gücləndirilməsi, kommunikasiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, demokratik institutların gücləndirilməsi, ədalətin və qanunun aliliyinin təşviqi, innovasiyaların və yüksək texnologiyaların inkişafı, o cümlədən insanlar arasında əlaqələrin genişləndirilməsinə yol açacaq”.
Mirzoyan iki ölkə arasında ümumi dəyərlərə və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin son illər əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb.
“Dövlətlər o səviyyəyə gəliblər ki, strateji tərəfdaşlığın yaradılması təkcə indiki reallıqlara uyğun gəlmir, həm də mürəkkəb geosiyasi şəraitdə işləmək kontekstində zəruridir”, – o əlavə edib.
Ermənistanın xarici işlər naziri ABŞ dövlət katibinə və komandasına iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə qaldırılması üçün bu yolda göstərdikləri səylərə görə təşəkkür edib.