Qərar hazırda Harvardda təhsil alan tələbələrə də təsir edəcək
ABŞ hökuməti Harvard Universitetinin xarici tələbə və təhsil mübadiləsi proqramı üzrə sertifikatını ləğv edib.
Bu qərar universitetin bundan sonra xarici tələbə qəbul edə bilməyəcəyi anlamına gəlir və onun əsas maliyyə mənbələrindən birinə ciddi zərbə vuracaq.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi qərarın səbəbləri kimi universitetdə təhlükəsizlik təhdidlərinin mövcudluğunu, terrorizmi dəstəkləyən anti-Amerika çağırışlarına yol verildiyini və yəhudi tələbələrə qarşı təzyiqlərin baş verməsini göstərib.
Harvard rəhbərliyi həmçinin Çin Kommunist Partiyası ilə əməkdaşlıqda ittiham olunur.
Bu qərar Tramp administrasiyasının ABŞ-nin prestijli universitetlərində əsaslı islahatlar aparmaq kampaniyası çərçivəsində verilib.
Harvard xüsusilə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra başlayan Fələstinə dəstək verən tələbə etirazları səbəbindən diqqət mərkəzinə düşüb.
Hazırda Harvardda 6 800-ə yaxın xarici tələbə təhsil alır ki, bu da ümumi tələbə sayının 27%-ni təşkil edir.
2006-cı ildə bu göstərici 19,6% idi.
Universitetdə illik təhsil haqqı 59 320 ABŞ dolları, yaşayış və digər xərclərlə birlikdə isə 87 000 dolları keçə bilir.
ABŞ hökumətinin fikrincə, universitetlər bu tələbələrdən yüksək ödəniş alaraq milyardlarla dollarlıq fondlarını böyüdür.
Qərar təkcə gələcək abituriyentlərə deyil, hazırda Harvardda təhsil alan tələbələrə də təsir edəcək. Nazirlik xarici tələbələrə xəbərdarlıq edib ki, əgər başqa universitetlərə keçməsələr, ABŞ-də qanuni statuslarını itirəcəklər. Bu isə minlərlə tələbənin deportasiya riski ilə üzləşməsi deməkdir.
Universitet rəhbərliyi qərara qarşı hüquqi mübarizə aparmağa hazırlaşır.
Harvardın mətbuat katibi Ceyson Nyuton bildirib ki, təhsil müəssisəsi dünyanın 140-dan çox ölkəsindən gələn tələbə və tədqiqatçıların töhfəsini yüksək qiymətləndirir və onların haqlarının qorunması üçün bütün imkanlardan istifadə ediləcək.
Harvard bundan əvvəl də federal hökumətin qərarlarına qarşı məhkəmə iddiaları qaldırıb.
Universitet 2 milyard dollardan çox qrant və müqavilələrin dondurulması səbəbindən bir neçə dövlət qurumunu məhkəməyə verib.
Hökumət həmin vaxt universitetdən idarəetmə sistemində dəyişikliklər etməyi, müəllimlərin işə qəbul siyasətini yenidən nəzərdən keçirməyi və ABŞ dəyərlərinə qarşı çıxan xarici tələbələrin qəbulunu dayandırmağı tələb etmişdi.
ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem bildirib ki, Harvarddan sonra digər universitetlər də eyni aqibətlə üzləşə bilər.