Viza sanksiyasının 20-dən artıq şəxsə şamil olunduğu bildirilir
ABŞ Dövlət Departamenti “Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyanlara” ABŞ vizalarının verilməsini qadağan etdiyini açıqlayıb. Bu barədə Dövlət Departamentinin dekabrın 12-də (Bakı vaxtı ilə dekabrın 13-nə keçən gecə) yaydığı bəyanatda deyilir.
“Bugünkü sanksiyalar hökumət nazirləri və parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşları və özəl vətəndaşlar da daxil olmaqla təxminən 20 nəfərə təsir edəcək. Birləşmiş Ştatlar “Gürcü Arzusu”nun Gürcüstan vətəndaşlarına, o cümlədən KİV nümayəndələrinə, insan hüquqları fəallarına və müxalifətçilərə qarşı davam edən amansız və əsassız zorakılığını qətiyyətlə pisləyir”.
““Gürcü Arzusu” Gürcüstanın Avroatlantika gələcəyindən üz döndərdi, halbuki əhalinin böyük əksəriyyəti bunu istəyir və bu, Gürcüstan Konstitusiyasında nəzərdə tutulub. Biz çalışırıq ki, demokratiyanın pozulmasında məsul və ya əli olan yüksək vəzifəli şəxslər viza məhdudiyyətlərinə məruz qalsınlar”, – bəyanatda deyilir.
Sanksiyaların kimlərə tətbiq edildiyi açıqlanmayıb.
2024-cü ilin əvvəlində ABŞ “Gürcü Arzusu” ilə əlaqəsi olan 100-dən çox insana və onların ailə üzvlərinə viza məhdudiyyəti tətbiq edib.
2024-cü il noyabrın 28-də Gürcüstan hakimiyyəti 2028-ci ilin sonuna qədər ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar aparmayacağını elan edib. Həmin tarixdən ölkədə etiraz aksiyaları davam edir.
Baltikyanı ölkələr dekabrın 2-də “Gürcü Arzusu” partiyasının rəhbəri Bidzina İvanişviliyə və yüksək rütbəli polis zabitlərinə qarşı sanksiyalar tətbiq ediblər.
Avropa İttifaqı da Gürcüstana qarşı sanksiyalar hazırlayır.