ABŞ dövlət katibinin müavini Azərbaycan və Ermənistanla sülh prosesi və “Tramp Marşrutu”nu müzakirə edib

Foto: XİN

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 19-da yaydığı məlumata görə, görüş zamanı ölkələr arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub. Həmçinin inkişaf perspektivləri, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 “Avqustun 8-də tarixi Vaşinqton görüşü zamanı əldə edilmiş razılıqlar məmnunluqla xatırlanaraq iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində birgə səylərin vacibliyi qeyd olunub. Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə işlərin sürətləndirilməsində maraqlı olduğumuz diqqətə çatdırılıb”, – XİN-nin məlumatında deyilir.

ABŞ-nin Azərbaycandakı səfirliyinin məlumatında qeyd edilib ki, görüşdə ABŞ dövlət katibinin müavini Vaşinqtonun Cənubi Qafqazda sülh prosesini dəstəklədiyini bildirib. 

Azərbaycanla ABŞ arasında münasibətlər Donald Tramp növbəti dəfə prezident seçildikdən sonra normallaşıb. Bayden Administrasiyası dövründə isə iki ölkə arasındakı əlaqələr “isti” deyildi. Rəsmi Bakı həmin illərdə Vaşinqtonun regional proseslərdə tutduğu mövqedən narazılığını açıq şəkildə ifadə edir, üstəlik, Bayden Administrasiyasının insan haqları ilə bağlı tənqidlərinin artmasını münasibətlərin gərginləşməsinə səbəb kimi göstərirdi. Vaşinqtonun siyasi məhbuslar və vətəndaş cəmiyyəti ilə bağlı açıqlamaları Bakıda narazılıq doğurur, Azərbaycan bu məsələlərin ikitərəfli dialoqa lüzumsuz şəkildə siyasiləşdirildiyini bildirirdi.

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə də görüşüb. 

“Bizim müzakirələrimiz Ermənistan-Azərbaycan sülh gündəliyinin irəliləyişi və regional əlaqə təşəbbüslərinin həyata keçirilməsi də daxil olmaqla, bir çox məsələləri əhatə edib. Biz həmçinin əsas regional və qlobal hadisələr barədə fikir mübadiləsi apardıq, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq ruhunu təsdiq etdik”, – Prezidentin köməkçisi  “X” səhifəsində qeyd edib.

Dövlət katibinin müavininin regiona səfəri noyabrın 15-də başlayıb. O, bundan öncə Ermənistanda səfərdə olub. 

Ermənistana səfəri çərçivəsində “Tramp marşrutu”nun həyata keçirilməsi məqsədilə birgə işçi qrupunun fəaliyyətə başladığı açıqlanıb. İşçi qrupuna ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək.

ABŞ rəsmisi Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə işçi qrupun detallarını təqdim edib.

Onun sözlərinə görə, ABŞ-Ermənistan əməkdaşlığı, həmçinin Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə münasibətlərinin normallaşması üzrə irəliləyiş “Cənubi Qafqazın mühüm ticarət marşrutu kimi açılması üçün yeni perspektivlər yaradır”.

Ana səhifəSiyasətABŞ dövlət katibinin müavini Azərbaycan və Ermənistanla sülh prosesi və “Tramp Marşrutu”nu müzakirə edib