ABŞ-dan Bəxtiyar Hacıyevlə bağlı növbəti çağırış

ABŞ Dövlət Departamenti, oceanfishing/Shutterstock

“Hacıyevin işini yaxından izləyirik”

ABŞ Dövlət Departamenti növbəti dəfə Azərbaycan hökumətini həbsdə olan fəal Bəxtiyar Hacıyevi azad etməyə çağırıb.

Bu barədə departamentin mətbuat katibinin birinci müavini Vedant Patel iyunun 8-də “Turan”ın sualarına cavab verərkən danışıb.

Vedant Patel Bəxtiyar Hacıyevlə bağlı son hadisələrdən məlumatlı olduğunu bildirib:

Biz Hacıyevin işini yaxından izləməyə davam edirik, onu tezliklə azad etməyə çağırırıq“.

“Biz əvvəlkitək insan hüquqlarına və əsas azadlıqlara hörməti təşviq etməyə sadiqik və hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən, öz fikrini dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq”, – deyə Patel əlavə edib.

Vedant Patel. Foto: “Turan”

İyunun 6-da Bakı Şəhər Baş Polis İdarəsi Bəxtiyar Hacıyevin paytaxtda yaşadığı evdə, Gəncə şəhərindəki ata evində, qardaşının, o cümlədən dostlarının mənzillərində, avtomobilində axtarış, götürmə və digər istintaq hərəkətləri aparıb.

Onun vəkili Elçin Sadıqovun sözlərinə görə, axtarış, götürmə istiqamətində Bəxtiyar Hacıyevə qarşı yeni ittiham irəli sürülə bilər.

Bəxtiyar Hacıyev aprelin 20-də Xətai Rayon Məhkəməsində qapalı iclasda demişdi ki, bir müddət öncə azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib:

Bundan sonra da əfv ərizəsi yazmağa, başqa lazım olan addımları atmağa hazıram. Əgər müraciətim kifayət etmirsə, desinlər. Mən kommunikasiyaya hazıram. Məndən tələb olunan nədir, onu desinlər…”.

2022-ci ilin dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir.

Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı.

Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir. Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edirdi.

O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Ana səhifəSiyasətABŞ-dan Bəxtiyar Hacıyevlə bağlı növbəti çağırış