ABŞ-nin San-Dieqo Kaliforniya Universitetinin akademik və tələbə heyəti hazırda həbsdə olan etnik tədqiqatçı, “Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru İqbal Əbilovun azadlığa buraxılması tələbi ilə beynəlxalq kampaniyaya başlayıb.
Kampaniya iştirakçıları bildirirlər ki, təşəbbüsün məqsədi akademik azadlığa diqqət çəkmək, alimlərin sərbəst elmi fəaliyyət hüququnu müdafiə etmək və İqbal Əbilovun işi ilə bağlı beynəlxalq həmrəylik yaratmaqdır.
Kampaniya çərçivəsində müxtəlif ölkələrdən alimlərin, tələbələrin və hüquq müdafiəçilərinin İqbal Əbilovun azadlığa buraxılması üçün çağırışlara qoşulacağı qeyd olunur.
Təşəbbüs müəllifləri hesab edirlər ki, alimlərin elmi fəaliyyətlərinə görə təqib olunması akademik azadlıqlara təhdiddir və beynəlxalq ictimaiyyət bu məsələyə reaksiya verməlidir.
İqbal Əbilov 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.
İqbal Əbilov ittihamları qəbul etmir. O, elmi tədqiqat fəaliyyəti ilə məşğul olduğunu və cinayət işi üzrə irəli sürülən iddiaların əsassız olduğunu bildirir.