ABŞ Azərbaycan və Ermənistana davamlı sülh tapmaqda kömək edəcək

Source: Reuters

Dövlət katibi Blinken Ermənistanın xarici işlər naziri ilə görüşüb

Vaşinqton Ermənistan və Azərbaycana davamlı sülh və firavanlıq tapmaqda kömək etmək öhdəliyini bir daha təsdiqləyib.

“Turan”ın Amerika müxbiri xəbər verib.

Dövlət katibi Entoni Blinken ABŞ və Ermənistan arasında strateji dialoqa başlamaq üçün Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.

“Dövlət katibi Blinken Ermənistanın çevikliyinə görə xarici işlər nazirinə təşəkkür edib və Ermənistan və Azərbaycanı gələcəkdə birbaşa danışıqlara çağırıb. ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi davamlı sülh və firavanlığa nail olmaqda Ermənistan və Azərbaycana kömək etmək öhdəliyini vurğulayıb”, – Dövlət Departamentinin hesabatında deyilir.

Dövlət katibi ortaq demokratik dəyərlərə uyğun olaraq ikitərəfli münasibətləri daha da gücləndirməyə və Ermənistanın islahatlar gündəliyi üzrə əməkdaşlığı davam etdirməyə sadiq olduğunu bildirib.

Məlumata görə, görüş zamanı Blinken və Mirzoyan nüvə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar ki, bu da Ermənistanın enerji təchizatını şaxələndirməyə çalışdığı bir vaxtda mülki nüvə əməkdaşlığının artırılmasına yol açır.

“Mən Baş nazir və onun hökumətini apardıqları demokratik islahatlara, irəliləyişlərə görə salamlayıram və Ermənistanla Azərbaycan arasında dialoqu da alqışlayıram. Baş nazir və Ermənistanın bu prosesdə göstərdiyi uzaqgörənliyə, cəsarətə və çevikliyə, davamlı sülhə can atdıqlarına görə səmimi təşəkkürümü bildirirəm”, – Blinken deyib.

Mirzoyan deyib: “Amerika Birləşmiş Ştatlarının ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək üçün oynadığı mühüm rolu vurğulamaq istərdim.

Mən həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində ABŞ-ın dəstəyini və Erməni soyqırımını pisləyərək bu il də mövqeyini təsdiqləməsini qeyd edirəm”.

Onlar həmçinin Ermənistanın demokratik, hüquqi və antikorrupsiya islahatlarının həyata keçirilməsində irəliləyişini müzakirə ediblər.

Ermənistanın xarici işlər naziri bazar ertəsi USAID-in rəhbəri Samanta Pauer ilə də görüşüb, USAİD proqramları ilə bağlı Ermənistanın prioritetlərini müzakirə edib.

“Görüş zamanı onlar həmçinin Ermənistan hökumətinin regional sülhməramlılara, korrupsiyaya qarşı mübarizəyə dəstək səylərini müzakirə ediblər”, – iclasın protokolunda deyilir.

Ana səhifəDünyaABŞ Azərbaycan və Ermənistana davamlı sülh tapmaqda kömək edəcək