ABŞ-ın azadlıq tələsi

Putinin müttəfiqləri seçim qarşısında…

Seymur Həzi, Foto:: Meydan TV


Putinin müttəfiqləri seçim qarşısında…

ABŞ-ın yeni prezidenti Bayden Putinə “qatil” dedi. Putin isə dolayı yolla ona “özünsən” cavabını verdi. Bu, sadəcə, iki siyasətçinin deyişməsi deyil… O qədər aydın bir prosesdir ki, burada pərdəarxası motivlər axtarmağa ehtiyac da yoxdur. Baydenin “qatil” ifadəsi Putin Rusiyasına ciddi mesajdır və bir neçə parametr üzrə dəyişiklik də qaçılmazdır. Təbii ki, söhbət ABŞ-Rusiyanın müharibəsindən getmir, çünki onların münasibətlərinin müharibə həddinə çatması dünya düzənində dəyişiklik deməkdir. Bəs bu dəyişiklik necə olacaq?


Öncə mühasirə

Qərb Rusiyanın genişlənməsindən narahatlığını o qədər açıq ifadə edir ki, onun növbəti addının nə olacağını düşünmək elə də çətin deyil. Əlbəttə ki, bu, fiziki və iqtisadi mühasirə olacaq. Ukraynada, həmçinin Norveçdən Qara dənizə kimi bir ərazidə hərbi təlimlər, yeni silahlar və yeni döyüş taktikasını sınaqdan keçirmək, Qafqazda Türkiyənin rolunun artması üçün çabalar – bunlar fiziki mühasirədir. Qərb indi Rusiyanın sərhədlərində hava hücumundan müdafiə sistemləri qurmur. Bu dəfə müdafiə olunan Rusiyayadır. Rəsmi Moskva da bunu başa düşür və qiymətləndirir, lakin iqtisadi və siyasi gücü yetərli deyil, çünki qonşu ölkələrin heç biri Kremlə inanmır. Ona görə də bu mühasirəni yarmaq üçün Moskvanın hansı addımları atmasını da proqnozlaşdırmaq çətindir. Putinin ənənəvi aqressiv siyasəti isə çıxış yolu deyil. Bu artıq Qərb diplomatlarının çıxışlarında da özünü göstərir. İndi Rusiyanın durumu təxminən belədir: özünü sıldırımdan dənizə atmaq istəyən biri aşağıda qayalıq olduğunu görəndən sonra geri qayıtmaq haqqında düşünür…


Aclıqla sınaq

Qərb ikinci mühüm addım kimi iqtisadi sanksiyaları seçir. Bu da şimal ölkəsini sərhədləri daxilində taqətdən salmağa hesablanıb. Artıq Rusiyanın bir çox yüksək vəzifəli məmurları da sanksiyalarla üzləşiblər. Bu daha ciddi bir mesajdır, həm də itirəcəklərini hesablamaq imkanıdır. Məsələn, Putin rus xalqından oğurladıqları ilə oğurlayacaqları arasında bir seçim etməlidir. Oğurlayacaqları daha ağır gəlsə, bəlkə, Qərbdəki sərvətlərindən imtina edib müqavimət göstərə bildi. Amma neftin dünyadakı qiyməti və nüfuzu, alternativ enerjinin populyarlaşması, alıcıların azalması açıq aydın deyir ki, Putin daha əvvəlki kimi qazana bilməyəcək. İqtisadi sanksiyaların ilkin mərhələsindən fərqli olaraq bu dəfə ciddi maliyyə böhranı və rublun dəfələrlə ucuzlaşması riski də var…


Vaşinqtonun “qırmızı xətt”i

Fikir verirsinizsə, ABŞ Putinin müttəfiqlərinə “gözün üstə qaşın var” demir. Onları insan haqqlarını pozmamağa çağırmır. Niyə? Çünki Vaşinqton artıq bu məsələni bitmiş sayır və “qırmızı xətt”ini çəkib. Kimin hansı tərəfdə durması, özünün seçimi olacaq. Sizcə, Gürcüstanın sabiq baş naziri Bidzina İvanaşvili siyasəti niyə belə sürətlə tərk etdi? O, özündən asılı olmadan çəkilən xətdə Putin tərəfdə olduğunu gördü və yumşaq desək, aradan çıxdı. ABŞ indi hər kəsə seçimlərində daha dərinə getmək imkanı verir ki, Putindən sonra növbənin kimdə olduğunu müəyyənləşdirməkdə çətinlik çəkməsin.

Ana səhifəXəbərlərABŞ-ın azadlıq tələsi