Amerikalı məmur: Biz Rusiyanın hava hücumundan müdafiə sisteminin “Azərbaycan Hava Yolları”nın təyyarəsini vura biləcəyinə dair əlamətləri gördük”
ABŞ Azərbaycan təyyarəsinin qəzaya uğramasına görə Rusiyanın məsuliyyət daşıya biləcəyini deyir
Bu barədə “Turan”ın Vaşinqton müxbiri adlarının açıqlanmasını istəməyən iki amerikalı məmura istinadən bildirir.
“ABŞ-nin yeni məlumatları göstərir ki, Azərbaycanın Qazaxıstanda qəzaya uğramış sərnişin təyyarəsini Rusiyanın hava hücumundan müdafiə sistemi vurmuş ola bilər. Biz dekabrın 25-də Rusiyanın hava hücumundan müdafiə sisteminin “Azərbaycan Hava Yolları”nın təyyarəsini vura biləcəyinə dair əlamətləri gördük”, – ABŞ-nin yüksək vəzifəli məmuru jurnalistlərə bildirib.
Lakin məmur detalları və hava hücumundan müdafiə sisteminin adını açıqlamayıb.
“Bu, sadəcə, ilkin məlumatlardır, ancaq əlavə məlumat olacaq”, – digər məmur “Turan”ın müxbirinə bildirib.
Məmurlar həmçinin qeyd ediblər ki, fəlakət Ukraynanın Rusiyanın cənubuna pilotsuz təyyarələr buraxmasından qısa müddət sonra baş verib. Bəlkə də bu, Rusiyanın hava hücumundan müdafiə sisteminin istəmədən təyyarəni vurmasına səbəb olub. Nəticədə ən azı 38 nəfər həlak olub.
Dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb, hadisə nəticəsində 38 nəfər ölüb.
“Euronews” və “Reuters” Azərbaycan hökumətindəki mənbələrə istinadən xəbər verir ki, qəzaya Rusiya raketi səbəb olub.
Nəşrlər yazırlar ki, raket Qroznı üzərində “dron hava fəaliyyəti” zamanı Bakıdan Qroznıya uçan təyyarəyə atılıb. Raket təyyarənin yaxınlığında partlayaraq onu zədələyib.
“Euronews”un mənbələrinin məlumatına görə, zədələnmiş təyyarənin ekipajı təcili eniş tələb edib, lakin Rusiyanın heç bir hava limanında enişinə icazə verilməyib, bundan sonra onlara Xəzər dənizi üzərindən Aktau istiqamətində uçmaq əmri verilib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Bakının “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktauda qəzaya uğramasına görə Rusiyanın üzr istəməsi ilə bağlı bəyanatlarından xəbərdardır, lakin hadisənin səbəbləri araşdırılana qədər qiymətləndirmək hüququ yoxdur.