Metyu Miller ölkəsinin Azərbaycanı ATƏT-in əvvəlki və sonrakı tövsiyələrini yerinə yetirməyə çağırdığını deyir
ABŞ ATƏT-in sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı rəyini bölüşür.
Dövlət Departamenti müstəqil müşahidəçilərin seçkini “rəqabətsiz müsabiqə” kimi qiymətləndirməsi ilə də razıdır.
Bu barədə sentyabrın 5-də “Turan” məlumat yayıb.
Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında deyib ki, parlament seçkiləri ilə bağlı ATƏT-in missiyasının hesablamalarını və narahatlığını bölüşürlər:
“Biz Azərbaycanı ATƏT-in əvvəlki və sonrakı tövsiyələrini yerinə yetirməyə və ölkənin Konstitusiyasına, beynəlxalq öhdəliklərinə uyğun olaraq əhalinin əsas azadlıqlarını təmin etməyə çağırırıq”.
Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.
Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü də müşahidə edib.
Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib.
Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə etməyə də dəvət etməmişdi.
Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir.
Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək seçkiləri boykot edib.
Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ilkin rəylərini açıqlayıblar.
Müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib.