İlahiyyatçı Abgül Süleymanov 30 sutka inzibati qaydada həbs edilib.
Bu barədə Meydan TV-yə ilahiyyatçının həyat yoldaşı Zəhra Süleymanova məlumat verib.
Onun sözlərinə görə, sentyabrın 24-də Süleymanovun məhkəməsi keçirilib və hazırda Binəqədi rayon Müvəqqəti Saxlanma Məntəqəsində saxlanılır.
“Bu gün səhər Abgül zəng etdi. Dedi ki, dünən Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Bu gün də, Binəqədiyə aparılıb. İndi vəkil onunla görüşəcək. Maşınının açarını və telefonu əlindən alınıb”, – deyə Zəhra Süleymanova bildirib.
Abgül Süleymanov sentyabrın 23-də saxlanılıb.
Ailəsi bildirib ki, onun saxlanılmasına səbəb məktəblərdə hicab qadağası ilə bağlı sosial mediada etdiyi paylaşımları olub.
Daha əvvəl Abgül Süleymanov 2011-ci ilin avqustunda həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 11 il azadlıqdan məhrum edilib.
İlahiyyatçı ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasına cəhddə və insanları itaətsizliyə təhrik etməkdə ittiham olunub.
İddia olunub ki, Abgül Süleymanov saxlanılarkən üzərindən 23,7 qram narkotik götürülüb.
2022-ci il sentyabrın 29-da ilahiyyatçı Abgül Süleymanovun həbs müddəti başa çatıb və azadlığa çıxıb.