İlahiyyatçı Abgül Süleymanovun 11 illik həbs müddəti bitib, artıq azadlıqdadır. Onu 2011-ci ildə sonradan ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları həbs edib.
İlahiyyatçı ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasına cəhddə suçlanıb.
Abgül Süleymanov isə məhkəmədə hökumətə qarşı çıxışlarına görə həbs olunduğunu deyirdi. O, hicaba qoyulan qadağalara görə keçirilən aksiyaların da təşkilatçılarından olub. Hüquq müdafiə təşkilatları inanclı fəalı “siyasi məhbus” kimi tanıyıblar.
İlahiyyatçı azadlığa çıxandan sonra Meydan TV-nin suallarını cavablandırıb.
– 11 ildən sonra evinizdəsiniz. Necəsiniz?
– Elə hisslər yaşamıram. Elə sözlər deyəcəm sizə, inanmayacaqsınız ki, bu, necə ola bilər? Allah insanın üstündən o ağırlığı götürür. Məndə də o cür baş vermişdi. Çox çətinlik yaşamışam, amma üstümdən götürülüb. Onlar mənə şirin, xoş gəlirdi. Allah yolunda idi. Həbsimi düzgün hesab etmirəm. Azad söz, fikir dediyinə görə adamı tutmazlar! Ona görə narkotik qoymazlar! Narkotik qoyub, həbs eləmişdilər..
– Sizdən sonra Azərbaycanda hicab məsələsi həll olundumu?
– Bəli, həll olundu. Məktəblərə hicablı qadınları buraxırlar, sərbəstlikdir. Heç kəsi sıxmırlar, yaxşıdır. Yəni qadağalar yoxdur. Məscidlər sökülmür, hicaba qadağa qoyulmur. Biz də elə ona görə etiraz etmişik. Bizim dinimizlə işləri olmasın, bizim də heç kimlə işimiz yoxdur. Elə vəziyyət deyil ki, buradan hicrət edib başqa ölkədə yaşayasan. Yəni burada dinini yaşaya bilərsən.
– Həbsdən əvvəl həm də hakimiyyətə sərt tənqidlərinizlə seçilirdiniz. Həbs zamanı fikriniz dəyişdimi?
– Xeyr, mənim fikirlərim dəyişməyib. Öz fikrimdə qalmışam. Nə vaxtsa yenə də dinimizə qarşı aqressiyalar olsa, dini ayinləri yığışdırmaq istəsələr, biz yenə də danışacağıq. 11 il bizi saxlaya bilməz.
– Sizi bəziləri “İranın agenti” də adlandırırlar. Nə deyə bilərsiz bu barədə?
– O vaxt Leyla Yunusa da “erməniyə işləyir” deyirdilər. Belədir də. Müxalifət üçün də deyirlər ki, ermənilərə işləyir. Biz İrana gedib-gəlirik, orada dərs oxuyuruq. Bu, o demək deyil ki, biz ora işləyirik. Nə ad qoyub tutsunlar? Desinlər ki, hicab qadağalarına görə etiraz edib? O adları qoymurlar, başqa maddələr qoyurlar.
– Bəs bu gün İranda baş verənlərlə bağlı nə deyə bilərsiniz?
– Orada həmişə hadisə olur. 45 ildir orada hər 5 ildən bir bu hadisələr baş verir. O şeylər dünyanın hər yerində olur. Orada başqa şey istəyirlər, burada başqa şey, Amerikada başqa şey. Hər ölkənin öz problemləri var. İranda hicabsız olmaq istəyirlər, ölkə qanunları var, yol vermir. Burada biz çox şeylər istəyirik, qanunlar yol vermir. O demək deyil ki, biz əlimizə silah alıb vuraq, dükanları, maşınları yandıraq. Camaatın, xalqın mülkünə ziyan vurmaq olmaz axı. Amma orada onu edirlər. Haqlı tələbləri varsa, hökumət orada dinləyir.
– Yəni o tələbləri, aksiyanı dəstəkləyirsinimi?
– Yox, mən o aksiyanı dəstəkləyə bilmərəm. Çünki orada iş məcrasından çıxıb. Bilinmir ki, nə tələb edirlər. Biri lüt soyunur. O dünyanın heç bir yanında qəbul olunmayan bir şeydir. Mahsa Aminini polis öldürməyib ki. Deyirlər, o başından əməliyyat olunmuşdu, üstünə də bir az qışqırıblar. Onun da ürəyi tutub ölüb.