”96 manatla ailə dolandırmaq olar?”

Tovuz sakini iş istəyir

Source:
Natiq Hüseynov
Natiq Hüseynov


Tovuz sakini iş istəyir

“Dörd övladım var. İkisi əkizdir, birinci sinifə gedir. Ayda 96 manat sosial yardım alıram. Bununla ailə dolandırmaq olmaz axı?! Günəmuzd fəhlə işləyirəm. Kiminin bağını belləyirəm, kiminə odun doğrayıram. Adamı gününə 5, uzağı 7 manata işlədirlər. Hər gün də iş olmur. Həmin pulla uşaq saxlamaq olar? Körpənin 1 aylıq bezi 100 manata başa gəlir”.

Bunu Meydan TV-yə Tovuz rayonu Düzqırıqlı kəndinin 31 yaşlı sakini Natiq Hüseynov deyir:

“Uşaqla mağazaya girirsən, nə görür, istəyir. Deyirəm ki, pul yoxdur. Deyir ki, ata, ondan da al. Uşaq bilmir ki, “yox” nə deməkdir. Dörd uşağa baxmaq asan deyil. İş yeri problemdir, dolanışıq yoxdur. Altı nəfərik, darısqal bir otaqda yaşayırıq. İmkanım yoxdur ki, yarımçıq qalan evimin tikitisini başa vurum”.

“Əkin-biçin, təsərrüfat işləri ilə məşğul oluram”- deyən şikayətçi, söyləyir ki, kənd camaatının əsas məşğuliyyəti elə aqrar sahə, əsas da maldarlıqdır:

“Heyvan saxlamaqla da iş bitmir. Qış fəslində onu yemləmək üçün yem almaq lazım gəlir. Südünü, qatığını, pendirini satmaq elə də mümkün deyil. Kənd yerində hamının evində ağartısı olur. Kəndin cavanları əsas bənnalıq, ustalıq öyrənirlər. Oxuyan adamdan pul istəyirlər, oxumayana da deyirlər ki, təhsilsizsən. Artıq canımdan bezmişəm. İşlə təmin olunmaq istəyirəm. İşləyim, ailəmi təmin edə bilim. Aidiyyatı qurumlardan xahiş edirəm, mənə kömək etsinlər. Bu vəziyyətdən hansı dövlət qurumuna şikayət edəcəyimi də bilmirəm. Kimə şikayət edək? Mənim istədiyim işdir. İşlə təmin olunum, ailəmi dolandırım”.

Meydan TV-yə bölgələrdə işsizlik probleminin paytaxta nisbətən daha yüksək olduğunu deyən iqtisadçı ekspert Natiq Cəfərli, əlavə edir ki, Azərbaycanda bu məsələ ilə bağlı rəsmi statistikada da ciddi yanlışlıq var:

“Azərbaycanda adam şəxsən özü məşğulluq idarəsinə müraciət etdiyi təqdirdə, onu işsiz kimi qeydiyyata alırlar. Dünyada isə işsizlərin statistikası elektronlaşmış sistem vasitəsilə həyata keçirilir. Ona görə də bizdə dünya praktikasına uyğun olmayan statistik göstəricilər qeydə alınıb, rəqəmlər səhvdir. Dünyada Azərbaycandakı kimi gizli iş yerləri o qədər də çox deyil. Məhz ona görə bütün iş yerlərinin qeydiyyatı avtomatik olaraq bir mərkəzdən aparılır və statistika həftəlik həyata keçirilir. Bizdə isə vətəndaş gərək şəxs məşğulluq idarəsinə baş vursun, ərizə yazıb, qeydiyyata düşsün. Ancaq bu zaman dövlət onu işsiz kimi tanıyır. Ona müəyyən müavinət ödəyir və yaxud da 6 ay ərzində yeni iş yeri təklifi göndərir. Həmin adam işlə razılaşmadıqda, müavinət də kəsilir.

Bölgələrdə işsizliyinin həcminin artmasına təsir edən amillərdən biri də, sovetlər dönəmindən qalan sənaye müəssisələrinin tamamilə bağlanmasıdır. Bu tip yeni iş yerləri də hələ ki, açılmır.

Azərbaycanın bölgələrində işsizlik probleminin həllində ən mühüm rolu Rusiya oynayırdı. Burada iş tapa bilməyənlər, oraya yollanırdılar, böyük axın vardı. Son zamanlar Rusiyada miqrasiya siyasəti sərtləşdirilib. Dillə bağlı imtahanlar var, leqal işləmək üçün icazələrin alınması, imtahan verilməsi, qeydiyyata düşmək lazımdır. Qeydiyyatsız miqrant tutulanda, çox böyük həcmdə cərimələr həyata keçirilib, ölkədən deportasiya edilir. Hətta 2015-2016-ci illərdə Rusiyada iqtisadi böhran dərinləşdikdə, neftin qiymətinin kəskin düşməsi dövründə bir qisim azərbaycanlılar geri vətənə dönməyə məcbur oldu. Çünki iş yerləri, gəlirləri azaldı. Bunlar əsasən də regionlardan gedən insanlar idi. Yəni gedənlər geri qayıtdı, bəziləri də Rusiyaya artıq gedə bilmədiyi üçün rayonlarda işsizlərin sayının sürətlə artdı”.

Tovuz Rayonu Məşğulluq Mərkəzindən Meydan TV-yə bildirdilər ki, hazırda iş yerləri var, amma məhduddur:

“Prezidentin xüsusi sərəncamı var, aktiv məşğulluq tədbirləri həyata keçirilir. Məşğulluğun təmin edilməsi istiqamətində işlər görülür. İldə bir dəfə yarmarkalar keçirilir”.

Ana səhifəBölgə”96 manatla ailə dolandırmaq olar?”