70 yaşlı erməni qadının Xankəndidə qalan cəsədi təhvil verilmir

Xankəndi. Foto: Meydan TV

Qızı BQXK-yə müraciət etsə də, nəticənin olmadığını deyir

Xankəndidə oktyabrın 20-də vəfat etmiş 70 yaşlı erməni qadın Vera Aqasyan Varaşakovnanın cəsədinin 25 gündən artıqdır ki, təhvil verilmədiyi bildirilir.

Azərbaycan mediasının məlumatına görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) gecikmənin səbəbi barədə açıqlama verməyib.

BQXK-nin Azərbaycandakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın sözlərinə görə, təşkilat məsələnin həlli üçün həm Azərbaycanda, həm də xaricdə müvafiq tərəflərlə əlaqə saxlayır.

Qarabağ bölgəsinin Xankəndi sakini olan Vera Aqasyanın ölüm səbəbi Azərbaycan Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasına əsasən, ağciyər arteriyası trombozu nəticəsində yaranmış kəskin ağciyər ürək çatışmazlığı olub.

2023-cü ilin sentyabrında təxliyə zamanı dörd övladının dəfələrlə Qarabağı tərk etmək təkliflərinə baxmayaraq, Vera Aqasyan qalmağı seçib.

Ermənistan mediası onun zehni problemlərdən əziyyət çəkdiyini yazıb.

Azərbaycan Səhiyyə Nazirliyi Vera Aqasyanın sağlığında yerli mütəxəssislər tərəfindən tibbi və sosial yardım aldığını, o cümlədən müvafiq müayinələrin aparıldığını təsdiqləyib.

Beynəlxalq Qırmızı Xaç Komitəsi
Foto: Beynəlxalq Qırmızı Xaç Komitəsi

Vera Aqasyanın vəfatından sonra Yerevanda yaşayan qızı, anasının cəsədinin dəfn üçün Ermənistana aparılmasını təmin etmək məqsədilə BQXK-nin Ermənistan nümayəndəliyinə müraciət edib.

BQXK-nin Ermənistan ofisinin nümayəndəsi Zara Amatuni oktyabrın 25-də bildirib ki, onlar Ermənistan vətəndaşları ilə əlaqədədir və yardım etməyə hazırdırlar.
Buna baxmayaraq, noyabrın ortalarına qədər cəsəd hələ də Xankəndidə qalır.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə əlaqədar hələ də danışıqlar aparılır.

Ana səhifəBölgə70 yaşlı erməni qadının Xankəndidə qalan cəsədi təhvil verilmir