7 kəndə aparan yoldan şikayət var

Sakinlər deyir, yol sonuncu dəfə Sovet vaxtı əsaslı təmir olunub

Source:


Sakinlər deyir, yol sonuncu dəfə Sovet vaxtı əsaslı təmir olunub

“Qışda palçıq, yayda toz-torpaqdı bu yol… İnsanlar əziyyət çəkir… Yağışda, qarda ayağımıza “klyonka” bağlayıb gəlirik bu yolu…”

Ağstafadakı Müseyib Allahverdiyev küçəsindən 6 kəndə aparan yol bərbad vəziyyətdədir.

Sakinlər deyir, bu yoldan hər gün 6 kəndə minlərlə insan gedib-gəlir. Piyadalar, sürücülər bu yoldan istifadə edir. Kəndlərin Ağstafanın mərkəzi istiqamətindən yollarının girişi hesab olunur.

Ağstafa Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Allahverdiyev küçəsindəki qeyd olunan yolun uzunluğu 1 kilometrdir və bu yaxınlarda yenidənqurma və abadlıq işləri aparılarkən həmin yola da əl gəzdirilib. Ərazidən su, kanalizasiya xətləri çəkilərkən qazılıb, sonradan asfalt döşənib.

Ağstafa sakini Elşən Hüseynov isə deyir, yol sonuncu dəfə Sovet vaxtı əsaslı təmir olunub. Sonralar yola ara-sıra asfalt tokülüb, yamaqlar vurulub. Sonuncu dəfə bu yamaqlar keçmiş icra hakimiyyəti başçısının vaxtında – 2 il əvvəl vurulub. Yoldan istifadə edən kəndlərin sakinləri illərdir ki, bu yoldan istifadə edərkən əziyyətlərə qatlaşmalı olurlar.



Qaş düzəltdikləri yerdə…


“Əslində elə uzun yol da deyil. Mərkəzdən Xətai, Yenigün, Qaçaq Kərəm, Aşağı Göyçəli, Aşağı Kəsəmən və Zəlimxan kəndlərinə gedən yolun başlanğıcıdır. Hər gün minlərlə adam bu yoldan istifadə edir. Sürücü bir cür əziyyət çəkir, piyada başqa cür… Onsuz da bu yollar bərbad idi, su, kanalizasiya xətləri çəkiləndə daha da pis vəziyyətə düşdü. Qazib tökdülər, necə deyərlər, qaş düzəltdikləri yerdə vurub gözünü də çıxartdılar”,- Elşən Hüseynov deyir.

Sakinlərin deməsinə görə, bu yoldan həm də ağırtonnajlı avtomobillər istifadə edir. Bu isə su xətləri çəkilərkən dağıdılmış asfaltı daha da pis vəziyyətə salıb.

1 il davam gətirmədi

Rayon sakini İlqar Fərəcov:

“Keçmiş icra başçısının vaxtında yola iki səfə asfalt döşəndi, ancaq bu işi o qədər keyfiyyətsiz, alayarımçıq gördülər ki, döşədikləri asfalt heç 1 il davam gətirmədi. Bir-iki dəfə yağış yağan kimi yolun çox hissəsində asfalt yuyulub getdi. Qalanını da hər gün o baş-bu başa şütüyən ağırtonnajlı avtomobillər dağıtdı. Əkin sahələrinə aparan yollar bu yollardan şükürlüdür”.

Piyadalar üçün yolkənarı səki də yoxdur. Adamlar yolun ortasıyla, çala-çuxura düşə-düşə hərəkət edirlər. Bu da tez-tez faciələrə səbəb olur. Əsasən uşaqlar məktəbə piyada gedib-gələrkən vəziyyət təhlükəli olur.

Ana səhifəBölgə7 kəndə aparan yoldan şikayət var