Ərəstun Oruclu gözlənilən müşavirənin əvvəlkilərdən fərqli atmosferdə keçəcəyini düşünür
İyulun 7-10-da Bakıda Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsi keçiriləcək.
“Turan İA” Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri müzakirə ediləcək.
Diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi iki ildən bir keçirilir.
Müşavirə barədə Meydan TV-nin suallarını cavablandıran politoloq Ərəstun Oruclu güman edir ki, bu, növbəti müşavirədir: “Səhv etmirəmsə, bu tədbirlər daha çox avqust ayında baş tuturdu, bu dəfə iyulda keçiriləcək”.
O, gözlənilən müşavirənin əvvəlkilərdən fərqli atmosferdə keçəcəyini düşünür: “Çünki Azərbaycanın xarici siyasətində son bir ildə xeyli dəyişikliklər olub. Azərbaycan faktiki olaraq bir tərəfdən Avrasiya İttifaqına, Gömrük Sazişinə cəlb olunmağa sövq edilir, digər tərəfdən Avropa Birliyi ilə Assosiativ Sazişə çağırırlar. Bu gedişatda Azərbaycanın Qərb ölkələri ilə münasibətlərinin kəskinləşməsi sürətlənir. Rusiya ilə də münasibətlərin yaxşılaşmasını söyləmək mümkün deyil. Belə olanda, müşavirə indiki şəraitdə, dəyişmiş geosiyasi situasiya fonunda keçəcək və xeyli fərqli olacaq”.
Politoloq bildirdi ki, müşavirədə səfirlərə tapşırıqlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yox, daha çox geopolitik durumla əlaqədar olacaq: “Çünki Dağlıq Qarabağ münaqişəsi geopolitik durumda istifadə edilən vasitələrdən biridir. Diqqət edirsinizsə, Azərbaycanı öz tərəfinə çəkmək istəyən güclər Dağlıq Qarabağ münaqişəsindən geniş şəkildə istifadə edirlər, bu proses həm daxili, həm də xarici siyasətdə özünü biruzə verir. Ona görə Qarabağ problemi ayrıca yox, məhz, geopolitik durumun tərkib hissəsi olan amil kimi gündəmdə olacaq”.