“Heydər Əliyev ili” ilə bağlı Tədbirlər Planı hazırlamaq bu dəfə Prezident Administrasiyasına tapşırılıb
Azərbaycanda 2007-ci ildən başlayaraq hər gələn ilə ad qoymaq dəbdədir, lap astroloji təqvimlərdə olduğu kimi. İllərə verilən bu adlar içərisində ən talesizi “Azərbaycan Xalq Cümhuriyyəti ili” oldu. Həmin ilin əsas qəhrəmanları 100 il qabaq Şərqdə ilk demokratik respublika yaradan qurucu babalarımız olmalıydı, olmadı… “Xala xətrin qalmasın” tipində keçirilən sıradan yığıncaqlarla ili başa vurdular. Ölkənin taleyində çox böyük rol oynamış şəxsiyyətlərlə bağlı, demək olar, dövlət əhəmiyyətli heç bir tədbir keçirilmədi. 2018-ci il aprelin 9-da İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident çıxışında bir xatırlatma etdi: “Mən bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişəm. İlin əvvəlindən biz bu gözəl tarixi qeyd edirik. Bu tarixə nəzər salarkən görürük ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər qüdrətli dövlət olmamışdır. Bunu biz yaratmışıq”. Göründüyü kimi, burda da qurucu babalarımızı, o cümhuriyyəti yoxdan var edənləri yox, öz hakimiyyətini öyür: “…Verdiyimiz bütün vədlər yerinə yetirilir. Son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd olmamışdır…”
…Nədənsə gələn ilə ad bu il çox tez verildi. İllərə ad, adətən, ilin əvvəlində, Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş prezidentin sədrliyi ilə keçirilən yığıncağında verilir. Bu yığıncaqlar da, əsasən, yanvar ayında olur. Son 10 ildə – 2012-2022-ci illərdə yalnız 2020-də “Könüllülər ili”nin sərəncamı 30 dekabr 2019-cu ildə verilib. Qalan illərin adıyla bağlı bütün sərəncamlar yanvar ayında imzalanıb. “Heydər Əliyev ili ilə bağlı builki sərəncam özündən əvvəlki bütün sərəncamlardan fərqli olub, ilin başa çatmasını gözləmədən, sentyabrın 29-da verilib. Belə tələskənliyin izahı yoxdur sərəncamda. Sərəncamda maraqlı məqamlardan biri odur ki, indiyə qədər elan olunan illərlə bağlı Tədbirlər Planı hazırlamaq həmişə Nazirlər Kabinetinə tapşırılırdı, görünür, ya etimadı doğrultmayıblar, ya da İlham Əliyev bu ilin əvvəlkilərdən fərqli olduğunu hamının diqqətinə çatdırmaq istəyib. “Heydər Əliyev ili” ilə bağlı Tədbirlər Planı hazırlamaq bu dəfə Prezident Administrasiyasına tapşırılıb. Sənəd 2 ay müddətinə hazırlanıb Prezidentə təqdim olunmalıdır. Nazirlər Kabinetinə isə illərlə bağlı tədbirlər planını ya 1 ay müddətinə, ya da müddətsiz hazırlamaq tapşırılırdı. Belə çıxır ki, “Heydər Əliyev ili” dekabrdan başlanacaq…
Sentyabrın 29-da verilən sərəncamdan heç çoxunun xəbəri olmasa da, Azərbaycan Milli Elmlər Akademiyası anındaca – sentyabrın 30-da tez-tələsik Rəyasət Heyətinin yığıncağını çağırıb və iclasın gündəliyinə salınan birinci məsələ “Heydər Əliyev ili” ilə bağlı “sərəncamın icrasından irəli gələn məsələlər haqqında” olub. AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov (texnika elmlər doktoru, akademik, “Azərenerji” ASC-nin prezidentin müşaviri və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, AMEA Fizika İnstitutunun “Yüksək gərginliklərin fizikası və texnikası” laboratoriyasının rəhbəri, Əməkdar Elm Xadimi , AMEA-nın həqiqi üzvü, AMEA Fizika İnstitutunun baş direktoru) heç Prezident Administrasiyasını da gözləmədən komissiya yaradıb və “akademiyanın geniş tədbirlər planı” hazırlaması qərara alınıb. Prezidentin tapşırdığı 2 aylıq müddəti gözləmədən, PA-nın tədbirlər planında nələr olacağını bilmədən AMEA-nın “geniş tədbirlər planı”nda, görəsən, nə yazacaqlar?! Ümid edirik ki, tezliklə biləcəyik; həm tədbirlər planını, həm də AMEA prezidentinin adını…
İllərlə bağlı bir məqam da sərəncamların mətnidir, yəni keçirilən ilə hakimiyyətin münasibətinin necə olacağını işarə sayından da bilmək olur. Son 10 ilə baxaq:
İdman ili – 16 yanvar 2012-ci ildə elan olunub, sərəncamın mətni 1793 işarədir.
İnformasiya-kommunikasiya texnologiyaları il – 16 yanvar 2013-cü il – 2686 işarə.
Sənaye ili – 10 yanvar 2014-cü il – 2036 işarə.
Kənd təsərrüfatı ili – 12 yanvar 2015-ci il – 2457 işarə.
Multikulturalizm ili – 11 yanvar 2016-cı il – 1633 işarə.
İslam həmrəyliyi ili – 10 yanvar 2017-ci il – 2426 işarə.
Azərbaycan Xalq Cümhuriyyəti ili – 10 yanvar 2018-ci il – 1263 işarə.
Nəsimi ili – 11 yanvar 2019-cu il – 2527 işarə.
Könüllülər ili – 30 dekabr 2019-cu il – 2166 işarə.
Nizami ili – 5 yanvar 2021-ci il – 3179 işarə.
Şuşa ili – 5 yanvar 2022-ci il – 2931 işarə.
Heydər Əliyev ili – 29 sentyabr 2022-ci il – 6201 işarə…
Bu illər içində Azərbaycan üçün ən önəmlisi “Azərbaycan Xalq Cümhuriyyəti ili”dir. Ancaq sərəncamın mətnini hazırlayanlar bu illə bağlı vur-tut 1263 işarə yaza bilmişdilər. Cümhuriyyətin 100 illiyinin necə qeyd olunacağı elə bu 1263 işarəlik sərəncamdan bəlliydi. Sərəncamın mətnində AXC-ni quran kişilərdən heç birinin adı yox idi…
AXC-nin 100 illiyi ilə bağlı Naxçıvanda keçirilən tədbirdən bir sitat oxucularımız üçün də maraqlı olar: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yürüş keçirilmişdir.
Yürüşdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin fəal gəncləri, Əlahiddə Ümumqoşun Ordusunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Alayının nümunəvi bölmələrinin əsgərləri, eləcə də “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının süvari dəstəsi Heydər Əliyev Muzeyinin önündən başlayaraq Heydər Əliyev Sarayına və geriyə qədər olan yolu Hərbi Orkestrin ifa etdiyi təntənəli marş sədaları altında nizami addımlarla qət etmişlər”.
Maraqlıdır ki, bu il yanvarın 5-də elan olunan “Şuşa ili”nin başa çatmasına hələ 3 ay var. Bütün diqqətlərini yönəltdikləri il bitməmiş bu nə tələskənlikdir? Nazirlər Kabinetinin hazırladığı “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nda olan 35 bənddən neçəsində nəzərdə tutulanlar gerçəkləşib? Məsələn, Tədbirlər Planının 26-cı bəndində Azərbaycan Xarici İşlər Nazirliyinə tapşırıq var: “Şuşa şəhərinin müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşmış şəhər statusu alması ilə bağlı müvafiq işləri həyata keçirsin”. İlin başa çatmasına az qalıb, ancaq hələ qardaş Türkiyənin iki şəhəri – Ərzurum (21 sentyabr) və Kayseri (9 oktyabr) ilə qardaşlaşma protokolu imzalanıb, yəni qardaş ölkənin şəhərləri ilə yenidən qardaşlaşmışıq. Daha bir qardaş ölkə – Qazaxıstanın Türküstan şəhəri ilə (24 avqust) qardaşlaşma sənədi imzalanıb. Los-Anceles isə Şuşa ilə qardaşlığı 2021-ci ildə dayandırıb…
İliniz, ilimiz uğurlu olsun!
P.S.Prezident saytında daim məktubları dərc olunan bir vətəndaşımız da AMEA kimi olmasa da, 29 sentyabr sərəncamına operativ reaksiya verib:
“05 oktyabr 2022, 14:41
Hörmətli cənab Prezident. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycan dövləti bu gün Sizin rəhbərliyinizlə böyük uğurlar qazanmışdır və hazırda dünyada öz nüfuzu, mövqeyi ilə seçilir.
Sizin Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı imzaladığınız Sərəncam biz veteranlar tərəfindən böyük sevinclə qarşılandı. Ümummilli dəyərlərimizə olan yüksək ehtiramınıza görə Sizə təşəkkür edirik. Əminik ki, Sizin rəhbərliyinizlə doğma Azərbaycanımız daim yeni-yeni zəfərlər əldə edəcəkdir.
Sizə möhkəm can sağlığı, ölkəmizin inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq.
Allah Sizi və dövlətimizi qorusun.
Hörmətlə, Zeynalov Əbil Cahangir oğlu
“Dəmir yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.