62 azərbaycanlı Dağıstan düşərgəsində sərhədin açılmasını gözləyir

RFE/RL

“Kavkazski Uzel”in məqaləsi

“Düşərgənin ərazisində həmçinin Rusiya qvardiyasının 10 döyüşçüsü və polis əməkdaşı var”

Dağıstanın Kaytaq rayonunda yerləşən “Oqonyok” uşaq düşərgəsində 62 azərbaycanlı quru sərhədi keçib evlərinə qayıtmaq üçün icazə gözləyir. Bununla yanaşı, Azərbaycanın Quba rayonunda Dağıstandan gələnləri yerləşdirmək üçün məntəqələr açılıb. 

“Kavkazski uzel” yazır ki, “Oqonyok” uşaq düşərgəsində dövlət sərhədinin açılmasını gözləyən Azərbaycan vətəndaşları üçün müvəqqəti yerləşdirilmə məntəqələri açılıb. Dağıstan xilaskarlarının dediyinə görə, noyabrın 16-sı, demək olar ki, bütün Azərbaycan vətəndaşlarını sərhəddən keçiriblər, noyabrın 24-ü isə orada iki nəfər olub.

“Azərbaycan vətəndaşları Dağıstanda quru sərhədinin müvəqqəti açılmasını həftələrlə gözləməmək üçün aviasiya əlaqəsindən istifadə etməyə üstünlük verirlər”, – hüquq müdafiəçisi Afiq Allahverdiyev qeyd edib.  

Azərbaycan vətəndaşları üçün nəzərdə tutulmuş müvəqqəti yerləşdirilmə stasionar məntəqəsində 61 adam, o cümlədən dörd qadın və dörd uşaq var, – Rusiya FHN-nin Dağıstan üzrə Baş idarəsinin nümayəndəsi “Kavkazski uzel”in müxbirinə xəbər verib. Düşərgədə respublika FHN-nin üç əməkdaşı və bir tibb işçisi fəaliyyət göstərir.

“Düşərgənin ərazisində həmçinin Rusiya qvardiyasının 10 döyüşçüsü və polis əməkdaşı var”, – həmsöhbət əlavə edib.  

Vətəndaşların Azərbaycana göndərilməsi 13-16 noyabrda gerçəkləşdirilib. “Noyabrın 13-ü və 14-ü düşərgədən 87 və 82 nəfərdən ibarət iki qrup, ertəsi gün Azərbaycanın yeddi vətəndaşı, noyabrın 16-ı daha iki nəfər yola salınıb”, – qurumda söyləyiblər.

“Oqonyok” uşaq sağlamlaşdırma düşərgəsindəki şəraitlə bağlı şikayət edilməyib, – “Biz” sosial əhəmiyyətli proqram və layihələrin dəstəyi və inkişafı fondunun rəhbəri Afiq Allahverdiyev “Kavkazski uzel”in müxbirinə deyib.

“Düşərgədən mənə bir neçə nəfər zəng vurub. Şəraitləri normaldır, lakin onlar tezliklə evlərinə qayıtmaq istəyirlər. Biz yalnız bu cür müraciətlər alırıq. Təəssüf ki, həmin məsələdə yardımçı ola bilmirik. Bu işlə Azərbaycan tərəfi məşğul olur. Kiminsə tezliklə qəbul edilməsinə hətta ayrı-ayrı əməkdaşlar da təsir etmək iqtidarında deyil. Yalnız müəyyən edilmiş gündə sərhəddən buraxıla bilərlər”, – Allahverdiyev məsələyə aydınlıq gətirib.  

Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Dövlət Universitetinin Quba ərazisində yerləşən istirahət, idman və təhsil mərkəzlərində açılmış, Dağıstanın quru sərhədini keçib gələn azərbaycanlılar üçün nəzərdə tutulmuş karantin məntəqələri noyabr ayında fəaliyyətə başlayıb. Rayon icra hakimiyyətindən “Kavkazski uzel”ə xəbər veriblər.

Rayon administrasiyasında daha quru yolla gələnlərin sayı barədə məlumata malik deyillər. “Əvvəllər əlimizdə gələnlərin siyahısı vardı, çünki onları burada, rayon ərazisində yerləşdirirdik. Hazırda bu cür informasiyaya malik deyilik”, – icra hakimiyyətinin nümayəndəsi izah edib.

Noyabrın ortasında Dağıstan sərhədini keçərək gələnlərin son partiyasını karantinə yerləşdirməyiblər, sadəcə evlərinə yeddi günlük özünütəcridə göndəriblər. Dağıstandan gələn Azərbaycan vətəndaşlarını bundan sonra da eyni aqibət gözləyir, – ölkə hökumətindəki mənbə xəbər verib.  

Onun dediyinə görə, quru sərhədlə ölkəyə giriş ən azı 2022-ci il yanvarın 1-dək davam edəcək. Lakin “Rusiyanın müxtəlif bölgələrindən aviasiya reyslərinin artması səbəbi ilə” quru sərhədlə axın, “demək olar ki dayandırılıb”, o deyib.

“Reyslər çoxalıb. Hazırda Azərbaycana Rusiyanın, demək olar ki, 20 bölgəsindən təyyarə uçur. Aviabiletlərin qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb. Odur ki, insanlar təyyarə ilə qayıda bilirlər”, – mənbə söyləyib.

Ana səhifəUncategorized @az62 azərbaycanlı Dağıstan düşərgəsində sərhədin açılmasını gözləyir