İlham Əliyev: “Əgər hansısa sahibkarlar əmək müqaviləsi imzalamaq istəmirsə, bizə müraciət edin, biz onların dərsini verəcəyik”
"Son günlər koronavirusdan yoluxanlarla sağalanların arasında dinamika müsbətdir, yəni daha çox insan sağalır. Bunun başlıca səbəbi görülən tədbirlərdir. Vaxtında tədbirlər görülməsəydi, yoluxanların sayı daha çox idi. Ancaq bundan sonra da vəziyyət diqqətdə saxlanılacaq".
Bu fikirləri Prezident
İlham Əliyev
aprelin 17-də Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda səsləndirib.
“Karantin rejimi uzadılmalıdır”
Prezident bildirib ki, mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır:
“Mən hesab edirəm ki, bu, düzgün addım olacaq, çünki dinamika hələ ilk təzahürlərini göstərir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə Operativ Qərargah bu günlərdə ətraflı məlumat verəcək”.
İlham Əliyev 1 milyona yaxın insanın hazırda işləmədiyini xatırladaraq əlavə edib ki, dövlət onların maaşını verir. Bu, Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir:
“Karantin rejiminin uzadılacağını nəzərə alsaq, bundan çıxışı da diqqətə almalıyıq. Biz karantin rejimini mərhələli yollarla sərtləşdirmişdik, eyni qaydada yumşaltmalıyıq. Bu, hansı formada olacaq, onu hökumət və nazirliklər işləyib təkliflər versin. Yumşalmanın hansı sahədə başladığı haqda məlumat verilməlidir”.
“Ölkə səhiyyəsi sınaq qarşısındadır”
Ölkə başısı Azərbaycan səhiyyə sisteminin hazırda sınaq qarşısında olduğunu bildirib:
“Bizim səhiyyə sistemimiz böyük sınaq qarşısındadır, bu sistemin çökməməsi ilk növbədə xəstəliyin yayılması sürətini nəzarət altında saxlaya bilməyimizdən irəli gəlir. Əgər bu nəzarətdən çıxsaydı, səhiyyə sistemimiz buna davam gətirə bilməzdi. Bu gün 20-dən çox dövlət xəstəxanasında xəstələr müalicə olunur, bunların çoxu son 16 ildə tikilib. Hazırda 10 modul tipli xəstəxana inşa olunur, yəni bütün hazırlıq işləri görülür. Bəzi hallarda səhiyyə işçilərinə tənqidi yanaşma da olur, bir sıra adamlar xaricə müalicə üz tutur, bəli, belə hallar var, amma bütün dünyada belədir. Bu gün Azərbaycanda ən müxtılif əməliyyatlar keçirir, koronavirusla bağlı 18 laborotoriya fəaliyyət göstərir”.
“600 nəfər yardım alacaq”
Ölkə başçısı aztəminatlı ailələrinin durumuna da toxunub:
“Bu günə qədər düşünürdük ki, karantin rejimi aprelin 20-nə qədər davam edəcək, amma indi uzadılacaq. Yardım üçün müraciət edənlərin sayı kifayət qədər artıb, bununla bağlı təkliflər təhlil edilir və maksimum şəffaflıq təmin olunmalıdır. İlkin mərhələdə 200 min insanın dövlətdən yardım alacağı nəzərdə tutulurdu, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını 600 minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə dövlət 600 min insana iki ay ərzində hər ay 190 manat verməlidir. Onlar may ayında ikinci ödənişi almaq üçün bank hesabı açsınlar. Bu kateqoriyaya aid insanlar aztəminatlı ailələtin nümayəndələri, koronavirusla bağlı işini itirənlər, qeyri-formal məşğulluqda olan insanlardır. Dövlər onların da problemlərini üzərinə götürür, baxmayaraq, dəfələrlə demişəm ki, qeyri-formal məşğulluğa son qoyun. Çünki bu insanlar üçün problem yaradacaq, işsizlikdın sığorta və işsizlik müavinət ala bilməyəcəklər, o cümlədən, pensiya və tibbi sığorta ala bilməyəcəklər. Ümid edirəm, bu ağır vəziyyətdən sonra “kölgə iqtisadiyyatı”nda çalışanlar insanlar bundan çıxmağı dərk edəcəklər. İnsanlar əmək müqaviləsi olmadan işləməsinlər, əgər hansısa sahibkarlar əmək müqaviləsi imzalamaq istəmirsə, bizə müraciət edin, biz onların dərsini verəcəyik”.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezidentin bu yöndə sualına cavab verib ki, 9 apreldən ödənişlər başlanıb, ilk günlər 10 min insana ödəniş verilirdisə, sonradan bu rəqəm artıb:
“Dünən axşama qədər 140 min insana ödəniş edilib. Ayın sonuna qədər birdəfəlik ödəmə veriləcək şəxslərin gündəlik rəqəmini 25-30 minə çatdırarıq. Çalışacağıq ki, bu ayın sonu-mayın əvvəlində 600 min insanın hər biri bu vəsaiti ala bilsin".
Nazir S.Babayeb bu istiqamətdə əsas sual vəsaitin götürülməsi ilə bağlıdır. Çünki gün ərzində ödəniş həddindən artıq çox olanda istənilən şəkildə bank və poçt şöbələrində vətəndaşların müraciəti və sıxlığı yarana bilər:
“Ona görə bunu aidiyyəti dövlət qurumu ilə tənzimləməyə çalışdıq. Bu gün əsas yük poçt şöbələrinin üzərinə düşüb. Ən geci mayın ilk həftəsinə qədər bütün vəsaitlər vətəndaşlara çatdırılacaq. İkinci ödənişin böyük hissəsi də köçürmə yolu ilə həyata keçsə, işlər daha sürətli ola bilər”.