Aynur Elgünəşin adının əvvəlinə bir çox təyini ifadələr yazmaq olar: siyasi məhbus, müəllim, təlimçi, baş redaktor və s. Amma Elgünəşin fəxrlə səsləndirəcəyi sevimli ifadəsi müstəqil jurnalist olardı. Çünki müstəqilliyi o, heç də asan əldə etməyib və indi də asan qorumur. Elə bu xüsusiyyətinin onu apardığı həbsxanadan yazdığı məktubda Aynur Telman qızı Qənbərova ilk dəfə passport alıb, evə getdiyi xatirəni belə nəql edir:
”…fəxrlə pasportumu atama uzatdım, “bu gündən mən də müstəqiləm” dedim. Dostları təbrik etsə də, atam qaşlarını çatdı, üzü əsəbdən tutqunlaşdı. Pasportu özümə qaytarıb, yaxşı, get o biri otağa – dedi. Pərt halda otaqdan çıxmışdım ki, nənəmin tənəsinə tuş gəldim. Məni danladı, başa saldı ki, ayıb iş görmüşəm, qız uşağı “müstəqiləm” deməz. Müstəqillik özbaşınalıqmış, özbaşına adam da pis yola düşərmiş…
Nənəm çox danışdı, amma mən heç cür anlamadım ki, müstəqilliklə “pis yol”a düşməyin nə əlaqəsi var”.
Freyd əbəs yerə dövləti kollektiv ata fiquru kimi görmürdü. Azərbaycan hakimiyyəti də müstəqilləri sevmir, azad olmağı pis yola düşməklə eyni dəyərləndirir. Zorakılığın təməlində isə qorxu yatır..
Bəs, kimdir hakimiyyət atanın bu qorxularını tətikləyən müstəqil jurnalist Aynur Elgünəş?
Aynur Elgünəş 29 may 1975-ci ildə Ağdamda anadan olub. Aynur 7-ci sinifdə oxuyanda rayonun “Lenin Yolu” qəzetində yazıları çap edilib. Dediyinə görə, jurnalistikaya həvəsi məhz belə yaranıb.
1993-cü ildə Ağdamın işğalından sonra Elgünəş və ailəsi doğma şəhərini tərk etməli olub. Onun yeniyetmə və gəncliyinə, həmçinin peşə fəaliyyətinə bu müharibə, işğal və Mingəçevirdə məktəblərin birində keçən məcburi köçkün həyatı ciddi təsir edib.
Elgünəş 1994-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub və oranı Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə qırmızı diplomla bitirib. Daha sonra ixtisasını jurnalistikaya dəyişərək, yenidən təhsil alıb.
O, jurnalistika arzusunu təhsil aldığı illərdə reallaşdırıb. Peşəkar fəaliyyətinə radio-tvlərlə başlayıb, yazılı mətbuata keçib, 1997-ci ildə “Cümhuriyyət” qəzetində əvvəlcə müxbir, daha sonra şöbə müdiri olub. Müxtəlif qəzetlərdə yazıları çap olunub, Elgünəş imzasının tanınması isə 2000-ci illərin əvvəllərinə təsadüf edir.
2002-ci ildə BBC-nin “Jurnalistikanın Əsasları” təlimini keçib. Müxtəlif beynəlxalq təlimlərdən aldığı sertifikatlar mənzilində axtarış aparılan zaman istintaq materialı kimi götürülüb.
2005-ci ildə Niderland Jurnalistika Məktəbində 3 aylıq xəbərçilik kursu keçib. Daha sonra məktəb adını Bakı Jurnalistika Məktəbinə dəyişib, sonradan Elgünəş özü burada dərs deyib.
2005-2007-ci illərdə isə “Gündəlik Azərbaycan” qəzetinin aparıcı müxbiri olub. Əsasən sosial-iqtisadi mövzularda araşdırmaçı jurnalist olaraq çalışıb. 2007-ci ilin aprelində “Gündəlik Azərbaycan” qəzetinin təsisçisi Eynulla Fətullayevin həbs edilməsi və nəşrin fəaliyyətini dayandırmasından sonra həmin ilin iyulunda Milli Təhlükəsizlik Nazirliyində (MTN) dindirilib. Bu, həmin dövrdü ki, bir çox müstəqil jurnalist, vətəndaş cəmiyyəti nümayəndəsi təzyiqə dözməyərək və ya müəyyən məbləğ qarşılığında cib mediası və cib müxalifəti sıralarına keçirdi.
Elgünəş həbsxanadan yazdığı məktubda o günləri belə xatırlayır:
“Mətbuat Şurasının ilk seçimlərində uduzduğu üçün acıq edib gedən, sonra Əli Həsənovun mətbuat adından danışdırdığı adamların sırasına qayıdan Azər Həsrətlə “Elmlər Akademiyası” metrostansiyasının yanında qarşılaşdıq. Mövqeyinə haqq qazandırdı, dedi ki, müstəqil olmaq nisbi məsələdir, zamanla ayaqlaşmaq lazımdı. Sonra da məni topun üzərinə köhnə tüfənglə gedənlərə bənzətdi. Mən o vaxt da ona gülmüşdüm, indi də gülürəm. İnsanın əqidəsi onun kimliyidir. Fərqi yoxdur, sən azlıqdasan, yoxsa çoxluqda, bir fikir adamının, jurnalistin məhvi həbsi, işlədiyi orqanın bağlanması deyil… Əgər o, həqiqəti yazmırsa, gizlədirsə, danırsa məhv olur”.
2007-2014-cü illərdə müstəqil jurnalist olaraq fəaliyyət göstərib. Əsasən “Yeni Müsavat”, “Bizim Yol” qəzetləri ilə əməкdaşlıq edib. Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin mətbuat katibi olub.
2009-cu ildən Bakı Jurnalistika Məktəbi tərkibində yaradılan var.az saytında baş redaktor olub, məktəbin özündə təlimlər keçib. 2012-2013 tədris ilində Slavyan Universitetində İctimai jurnalistika üzrə dərs deyib.
2014-cü ilin aprelindən Meydan TV-də fəaliyyət göstərir. Aynur Elgünəşin baş redaktorluğu dövründə Meydan TV onlarla araşdırma dərc edib, yüzlərlə aksiyanı işıqlandırıb, ölkədə səs-küy yaradan onlarla xəbərləri manşetə daşıyıb.
Aynur Elgünəş Meydan TV ilə bağlı 2015-ci ildə Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində açılmış cinayət işi çərçivəsində dəfələrlə şahid qismində dindirilib, həmçinin 2015-2019-cu illərdə Azərbaycandan çıxışına qadağa qoyulub.
2021-ci ilin dekabrın 24-də bir qrup jurnalist Milli Məclisin binası qarşısında yeni Media haqqında qanun layihəsinin müzakirəsinə etiraz olaraq aksiya keçirdi. Aynur Elgünəş həmin qanuna aktiv etiraz edən jurnalistlərdən idi, onun əleyhinə kampaniyalar aparır, qanunun gələcək repressiv nəticələrini illər öncə səsləndirirdi.
Aynur Elgünəş özünü rejissor kimi də sınadı. Onun 2022-ci ildə ərsəyə gətirdiyi Çinar ağacının kölgəsində filmi nüfuzlu Sarajevo film festivalında yarışdı, mükafat aldı. Film hətta Meksika Beynəlxalq Qısa Filmlər Festivalına da seçildi.
Filmdə Aynur Elgünəş yeniyetməykən köçkün düşdüyü Ağdam şəhərinə 28 il sonra jurnalist kimi qayıdır, Ağdam küçələrində uşaqlığının izlərini axtarır, dağıntılar altında qalmış xatirələrinə səyahət edir.
Elgünəş deyirdi ki, müharibə onun yeniyetməliyini və gəncliyini alıb. Doğma Ağdamın azad edilməsindən sonra o, həmin dövrlərdə itirdiklərini bərpa etməyi planlayırdı. Amma 2024-cü ilin 6 dekabrında evinə basqınla həbs edildi, aylardır peşə fəaliyyətinə görə azadlıqdan məhrum olunub. Elgünəş yazır ki, həbsxana və bayır arasında bir fərq görmür, yeganə arzusu kütləvi həbslərin Meydan TV fəaliyyətinə təsir göstərməməsidir.
Jurnalistika cinayət deyil! – Aynur Elgünəşin saxlanandan sonra vəkillə təmin edilmədən qarşısına qoyulan ittiham aktının hər səhifəsinə yazdığı bir çağırış və saxta ittihama etirazı belə idi. O, həbsinin Prezident səviyyəsində verilmiş siyasi sifariş olduğunu bildirib, hakim Sülhanə Hacıyevaya belə etiraz etmişdi:
“Belə işlərdə siz heç kimsiniz, heç bir səlahiyyətiniz yoxdur, nə göstəriş verirlər, onu da gəlib oxuyursunuz”.
Aynur artıq 6 aya yaxındır ki, yaxınları, dostları, ailə üzvləri və sevimli iti – Maksdan uzaq yaşayır. Bütün bu emosional məhrumiyyətlərin sona çatacağı gün qeyri-müəyyəndir, amma dəqiq tarix bəlli olmasa da, bəzi sonlar mütləqdir – Elgünəşin yazdığı kimi:
“Mən həyatın bumeranq effektinə inanan adamam. Çox ümid edirəm, ölkəni bu hala gətirənlərin də yolu bir gün buradan keçəcək və yaratdıqları bataqlıqda boğulacaqlar”.