Nigar Həzi: Əgər sürətli çəki itkisi davam edərsə, biz Tofiq Yaqublunu itirə bilərik
Bu gün vəkili Nemət Kərimli Ədliyyə Nazirliyinin Umbakı qəsəbəsində yerləşən təcridxanasında həbsdə olan Milli Şuranın Koordinasiya Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə görüşüb.
Bu barədə məlumatı Tofiq Yaqublunun qızı Nigar Həzi özünün “Facebook” hesabında yazıb.
Vəkilinin dediyinə görə, 4 gündür aclıq edən Tofiq Yaqublu bu günə qədər 3 kiloqram yarım çəki itirib, ürək döyüntüləri 96-dır, qan təzyiqi isə 130/85-dir və günü-gündən zəiflədiyi hiss olunur.
“Tofiq Yaqublu aclığı davam etdirməkdə çox israrlıdır. Özünün qanunsuz, əsassız həbsinə etiraz olaraq bunu edir”.
Vəkili Tofiq Yaqubluya qarşı irəli sürülən ittihamları və bu ittihamlara görə onun 9 illik həbsə məhkum edilməsini “absurd” adlandırıb.
Nigar Həzi isə yazır ki, əgər sürətli çəki itkisi davam edərsə, biz Tofiq Yaqublunu itirə bilərik.
“Vəziyyət get-gedə daha da kritik hal almağa başlayır. Nə qədər gec deyil, Tofiq Yaqublu azad edin!”.
Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Elşən Hüseynov adlı şəxsin Almaniyaya gedib, orada vətəndaşlıq alması üçün Elnur Məmmədov vasitəsilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul verilib.
Tofiq Yaqublu isə bu ittihamın saxta olduğunu heç kimdən bir manat da pul almadığını bildirir.
Siyasətçi Elşən Hüseynov və ya Elnur Məmmədovla bu haqda belə bir söhbətinin olmadığını deyir.
Onların təxribat məqsədilə bu işə cəlb edildiyini bildirir.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.
Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib.