“4 bank artıq ödəmə qabiliyyətini itirib”

İqtisadçı onu da deyir ki, hökumət həmişə qərar verməkdə gecikir.

Source: google.az


Mərkəzi Bank 4 banka inzibatçı təyin etdi

Aprelin 27-də

Azərbaycan Mərkəzi Bankı

nın İdarə Heyətinin qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub.

Məlumata görə, həmin bankların idarə olunması üzrə sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

İqtisadçı Natiq Cəfərli deyir ki, bu bankların uzun aylardır ciddi problemləri var idi. Son aylar hətta vətəndaşlar depozitlərini də həmin banklardan geri çəkə bilmirmiş.

İqtisadçı düşünür ki, əslində “çürük” bankların bazardan çıxarılması gecikdirilirdi. Bugünkü qərar daha əvvəl verilməli idi:

“Bu gün alınan qərarla hər 4 banka müvəqqəti inzibatçılar təyin olunub. Qanuna görə, müvəqqəti inzibatçı – maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilən, ödəmə qabiliyyətini itirmiş banklar üçün nəzərdə tutulub. Deməli, hər 4 bank artıq ödəmə qabiliyyətini itirib və 30 təqvim günü ərzində müvəqqəti inzibatçılar bankların ləğvedilmə planını təqdim etməli, aktiv və passivlərini hesablamalıdırlar”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli deyir ki, 30 gündən sonra banklarla bağlı növbəti qərar olacaq. Çox güman, depozitlər Əmanətlərin Sığortalanması Fondu vasitəsilə ödəniləcək. İlk olaraq fiziki şəxslərin depozitləri qaytarılacaq:

“Amma problem budur ki, ƏSF-da indi vəsait sıfıra yaxındır. Çox güman, Mərkəzi Bank Fonda kredit xətti açacaq. Çünki 4 bankda depozitlərin qaytarılmasına, təqribən, 800 mln. manat lazım olacaq. Yəni Mərkəzi Bank o 800 mln. manatı versə də, geri ala bilməyəcək. Necə ki, Mərkəzi Bank Fonda əvvəl də 500 mln. manat vermişdi. O pul da batıb getdi. Hüquqi şəxslərin depozit və cari hesablarında olan vəsaitlərin qaytarılması daha uzun çəkəcək”.

İqtisadçı onu da deyir ki, hökumət həmişə qərar verməkdə gecikir. Nəticədə, sonrakı mərhələdə problemləri daha baha qiymətə həll etməyə məcbur olur.

Ana səhifəİqtisadiyyat“4 bank artıq ödəmə qabiliyyətini itirib”