Bu ilin yanvar ayında Göyçay rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 18 yaşlı əsgər Bəhram İlham oğlu Məhərrəmov vəfat edib.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, 2002-ci il təvəllüdlü əsgər Yevlax rayonundakı N saylı hərbi hissədə xidmət edirmiş. Xidmətdə olarkən vəziyyəti qəflətən pisləşib. Onun qızdırmasının olduğu və təzyiqinin aşağı düşdüyü deyilir. Əsgər təcili olaraq hərbi hospitala aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
“Bəhram Məhərrəmovun hansı səbəbdən öldüyü hələ dəqiq məlum deyil. Ölüm səbəbi ekspertizanın rəyindən sonra bilinəcək”, – deyə mənbə bildirib.
Bəhram Məhərrəmovun aprelin 20-də doğulduğu Göyçayın Mallı-Şıxlı kənd qəbristanlığında dəfn edildiyi deyilir.
Məlumatı Mallı-Şıxlı kənd icra nümayəndəsi Kamil Umarov da təsdiqləyib:
“Əsgərin komandiri də dəfn mərasiminə gəlmişdi. O da dedi ki, ölüm səbəbi dəqiq deyil. Ekspertizanın nəticəsi sabah və ya birisigün bilinəcək. Ailəsinə də deyildi ki, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb”.