Bəyanatı müstəqil namizədlərlə yanaşı 11 siyasi partiya da imzalayıb
Milli Məclisə seçkilərdə iştirak edən 236 deputatlığa namizəd Konstitusiya Məhkəməsinə və Prezident Administrasiyasına bəyanat ünvanlayıb. Bəyanatı imzalayan namizədlər 9 fevral seçkilərinin saxtalaşdırılmasını iddia edərək seçkilərin nəticələri ləğv edilməsini, yeni seçkilərin keçirilməsini tələb edirlər.
Sənədi imzalatanlardan, deputatlığa namizəd Bəxtiyar Hacıyev bildirib ki, bəyanatı müstəqil namizədlərlə yanaşı 11 siyasi partiya (Müsavat, Ümid, ADP, ReAL, Ağ Partiya, Gələcək Azərbaycan Partiyası, Vətəndaş İnkişaf Partiyası, Aydınlar Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Böyük Quruluş Partiyası) və D18 Hərəkatı, "Hərəkət" seçki blokunun namizədləri imzalayıb.
"Bəyanatımız artıq qeyd edilmiş qurumlara göndərilib. Biz bu bəyanatla birinci növbədə cəmiyyətə göstərmək istəyirik ki, səsləri qoruyuruq və bunun üçün əlimizdən gələni edirik. İkinci növbədə hakimiyyətə göstəririk ki, düşünməsinlər ki, fevralın 9-da saxtakarlıq ediblər və bununla hər şey bitdi. Biz mübarizəni axıra kimi aparacağıq. Üçüncü növbədə beynəlxalq təşkilatlara total seçki saxtakarlığının olmasını göstərmək istəyirik. Bizim Konstitusiya Məhkəməsindən xüsusi gözləntimiz yoxdur və bilirik ki, Prezident Administrasiyasının qərarını icra edəcək, lakin biz yenə də bəyanat imzalayıb göndərdik ki, nəticələrlə barışdığımızı düşünməsinlər”,- Bəxtiyar Hacıyev “Turan”a deyib.
Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edib. Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 70 seçki dairəsində, müstəqil namizədlər 41 seçki dairəsində, digər siyasi partiyaların namizədləri daha 10 seçki dairəsində liderlik edir.
Mərkəzi Seçki Komissiyası 4 seşki dairəsində və 328 seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız sayıb.
Konstitusiya Məhkəməsi martın 5-də parlament seçkilərinin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasının yekun protokolunun təsdiqi məsələsinə baxacaq.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkilərini birgə müşahidə missiyasının ilkin bəyanatında deyilir ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb.
“Namizədlərin sayının çox olmasına baxmayaraq, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilər nəticəyönümlü seçimlə təmin olunmayıb”,- sənəddə qeyd edilir.