2022-ci il: Rusiya buğdası baş rolda

Buğda, un, çörək, Maksim Kirilenko/Shutterstock

Yeni qaydalara əsasən, ixrac rüsumları buğdanın tonu artdıqca qalxacaq

2022-ci ilin ilk yarısında yüksək proteinli Rusiya buğdasının dünya bazarında üstünlük təşkil edəcəyi bildirilir.
Səbəb Avropa Birliyi ölkələri və Avstraliyada keyfiyyətin aşağı düşməsi, Argentinada inflyasiya ilə mübarizədə ixracın məhdudlaşdırılmasıdır.

Türkiyədə buğda sahəsində vəziyyət ürək açan deyil. Yerli media yazır ki, ölkənin ixracına tətbiq edilən vergi bir neçə ay əvvəl rekord həddə çatıb. Bu da Qara dəniz buğdasının qiymətinin daha da artmasına səbəb ola bilər.

Əsas buğda tədarükçüləri

2021-ci ildə əsas buğda tədarükçüləri sayılan Rusiya, Kanada və ABŞ ixaracı azaldıb, eyni zamanda, məhsuldarlığı və istehsal səviyyəsini aşağı salıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi son hesablamalarında 2022-ci ildə Rusiyanın buğda istehsalını 75,5 milyon ton, ixracını isə 36 milyon ton proqnozlaşdırıb. Bu proqnoz Rusiyada hasilatın 12, transsərhəd satışın isə 6 faiz azalmasından xəbər verir.

Nazirlik bu il Ukraynanın buğda istehsalının 33 milyon tona çatacağını və bunun təxminən 24,2 milyon tonu xaricə göndəriləcəyini təxmin edir. Belələliklə, Ukraynanın buğda istehsalı və ixracının 30- 44 faiz artacağı gözlənilir.

Proqnozlar o yöndədir ki, Rusiyanın qeyri-sabit ixrac rüsumları və ticarət kvotası ixracatçıları sıxışdıra bilər. Ölkə fevral- iyun aylarında 8 milyon ton ixrac kvotası təyin edib. Bu da 2022-ci ilin birinci yarısında buğda ixracının daha aşağı olacağını göstərir.

Rusiya ixrac vergisini artırıb

“S&P Global Platts Analytics”in məlumatına görə, Rusiya daxili bazarda ərzaq inflyasiyasını məhdudlaşdırmaq üçün iyunun 2-dən ixrac vergisinin qiymətini yüksəldib.

Beləliklə, 2021-ci ilin iyulunda Rusiyada buğdanın tonu 233 dollar olduğu halda ixrac rüsumlarının da təsiri ilə noyabrda buğdanın tonu 345,25 dollara yüksəlib. Yeni il öncəsi isə rus buğdasının tonu 338 dollara qalxıb. Rusiya dekabrda yeni vergi qaydaları və ixrac kvotalarını dərc edib. Yeni qaydalara əsasən, ixrac rüsumları buğdanın tonu artdıqca qalxacaq.

Son illər ölkəyə nə qədər ərzaq buğdası idxal edilib?

Müstəqil ekspertlər bildirirlər ki, Azərbaycan ərzaq buğdasına olan tələbatının 30 faizini daxili istehsalla ödəyə bilir. Qalan 70 faiz tələbat ixracın ümidinədir. Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycan 2020-ci ildə xaricdən 1.365,1 ton buğda idxal edib. Bunun üçün 296.905,2 min dollar ödəyib. Həmin il ölkəyə həmçinin 2.909,8 min ton buğda unu idxal edilib. Bunun üçünsə 1.150,9 min dollar ödənib.
Rəsmi məlumata görə, 2021-ci ilin yanvar-oktyabr aylarında buğda idxalı azalıb.

Azərbaycana buğda hansı ölkələrdən gəlir?

Azərbaycan buğdanı əsasən, Qazaxıstan və Rusiyadan alır. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, bir müddət öncə daha çox Qazaxıstandan buğda alırdı:

“Qazaxıstan hökuməti buğdanı idxal etməkdənsə, yem hazırlamaq qərarına gələndən sonra vəziyyət dəyişdi. İndi daha çox idxal Rusiyadan edilir. Düşünürəm ki, zaman gələcək Rusiya bu yöndə Azərbaycana ciddi problem yaradacaq. Odur ki, hökumət buğda istehsalını artırmağa çalışmalıdır”.

Qubad İbadoğlu
Mənbə: Meydan TV

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, belə durumda idxal ölkələrinin sayının artırılması da problemin qismən həllinə kömək edə bilər:

“Son bahalaşmada Rusiyanın taxıla tətbiq etdiyi ixrac rüsumunun da rolu var. Eyni zamanda, Azərbaycanda un idxalı da inhisardadır və idxalda rəqabətin olmaması da qiymətə təsir edir. Üstəlik, bu, təkcə unun, çörəyin yox, un məmulatlarının da bahalaşmasına gətirəcək. Bahalaşma isə əsasən aztəminatlı ailələrə problem yaşadacaq”.

“Buğdanı saxlamaq üçün şərait yoxdur”

Vahid Məhərrəmli hesab edir ki, buğda istehsalı ilə bağlı açıqlanan rəsmi rəqəmlər real deyil. Eyni zamanda, lap Azərbaycanda yetərincə buğda istehsal edilsə belə, onu saxlamaq üçün şərait, yəni standartlara cavab verən anbarlar yoxdur:

“Olan anbarlar o qədər köhnədir ki, orada saxlanan məhsuldan ərzaq buğdası kimi istifadə etmək qeyri-mümkündür. Nə istehsal, nə də idxal edilən buğdanı saxlamağa şərait var”.

26 manatdan 40 manata

2022-ci ilin əvvəlində Azərbaycanda çörəyin və ərzaq buğdasının qiyməti 30 faiz bahalaşıb. Əvvəllər 26 manata satılan 50 kiloluq un hazırda 36-40 manata təklif olunur. Eyni zamanda, 650 qramlıq çörəyin də qiymətində artım var, əvvəllər 0.40 qəpiyə, indi 60-65 qəpiyə satılır.

Bahalaşmanın ilk günü un istehsalçıları bəyanat yayaraq bildirdilər ki, bahalaşma dünyada ərzaq buğdasının qiymətinin kəskin artması ilə bağlıdır. Müstəqil ekspertlər isə açıqlamalarında bu bahalaşmanın davam edəcəyini düşünürlər.

Qiymət artımı davam edəcək?

Vahid Məhərrəmli hətta düşünür ki, bu gedişatın gələcəkdə ərzaq qıtlığı yaratmayacağını demək mümkün deyil:

Vahid Məhərrəmli

“Üstəlik, unun bahalaşması çörəkdən başqa həmçinin, düyünün, qarabaşaq yarmasının, makaronun da qiymətinin artmasına səbəb olacaq. Ərzaq mallarının hamısının qiymətində artım davam edəcək. Ət məhsulları, süd məhsulları da yerində saymayacaq”.

Unun qiyməti nəzarətdədir?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanvarın 5-də açıqlama yayaraq bildirib ki, daxili bazarda sahibkarlıq subyektləri tərəfindən idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiyməti dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırılıb. Bu da qiymət artımına gətirib:

“Bununla əlaqədar nəzarət tədbirlərimizi gücləndirmişik. Taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq etmişik”.

Unun və çörəyin bahalaşmaması üçün hökumətin atdığı addımlar

Son 2 il ərzində Azərbaycan hökuməti çörəyin qiymətinin qalxmasının qarşısını almağa çalışıb. Bu sahədə atılan addımlardan biri də 2020-ci ilin martından bu yana buğda idxalçılarına ödənən subsidiyalardır. Bunun üçün dövlət 6,2 milyon manat vəsait ödəyib. Eyni zamanda, buğda idxalçılarına dövlət ümumi 58,2 milyon manat məbləğində güzəştli kreditlər də ayırıb.

2021-ci ildə buğda idxalçılarına subsidiyaların müddəti 12 aydan 24 aya qədər uzadılıb. Unun istehsalı və satışı 2024-cü il yanvarın 1-dək ƏDV-dən azad edilib. Ancaq bu tədbirlərin heç biri yekunda Azərbaycanda unun və çörəyin qiymətinin bahalaşmasının qarşısını ala bilməyib.

Ana səhifəİqtisadiyyat2022-ci il: Rusiya buğdası baş rolda