Nazirlər Kabineti bir ay müddətinə tədbirlər planını hazırlamalıdır
Prezident İlham Əliyev dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncam
prezidentin rəsmi saytında dərc edilib.
Dövlət başçısının imzaladığı sənəddə deyilir ki, “Könüllülər ili” gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə elan edilib.
“Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar”, – sərəncamda deyilir.
Nazirlər Kabinetinə bununla bağlı tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.