İlham Əliyev ötən ili islahatlar ili adlandırsa da, iqtisadçı bu fikirlə razılaşmır
Prezident
İlham Əliyev
ötən ili dərin islahatlar dövrü kimi xarakterizə edib.
Bu barədə Prezident yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında danışıb.
Ölkə başçısı deyib ki, Azərbaycanda vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 1,4% artıb, o cümlədən qeyri-neft sektoru 1,8%, sənaye sektoru 1,5%, kənd təsərrüfatı sektoru isə 4,6% böyüyüb. Ölkənin valyuta ehtiyatları 45 mlrd. ABŞ dollarına çatıb, 118 min daimi iş yeri yaradılıb.
2019-cu ildə infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsi haqda da danışan Əliyev bildirib ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq.
Prezident iddia edir ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur.
Deyilənləri Meydan TV-yə şərh edən iqtisadçı, Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin (AXCP) üzvü Nemət Əliyev isə maliyyə, kredit sisteminin digər sahələrində müəyyən tədbirlərin görüldüyünü istisna etməyib.
Ancaq Nemət Əliyev bildirib ki, ölkə başçısının “vergi sahəsində islahat” adlandırdığı tədbirlər fiziki və hüquqi şəxslərin nə maliyyə, nə də iqtisadi durumlarının yaxşılaşmasına xidmət edir:
“Bu tədbirlər birbaşa vergi ödəyicilərinin maliyyə durumunun ağırlaşdırılmasına yönəlib. Məncə, vergi sahəsindəki dəyişikliklər daha ağır fəsadlar yaradacaq. Bu baxımdan dövlət başçısının ÜDM-nin artımı, qeyri-neft sektoturunun inkişafı ilə bağlı dediklərini islahat ilə əlaqələndirmək doğru deyil. Çünki vergi sahəsindəki tədbirlərin nəticəsi bundan sonra məlum olacaq”.
İqtisadçı deyir ki, xüsusən də ÜDM-in artımı barədə səslənən fikirlər çox şübhəlidir və inandırıcı deyil:
“Ona görə ki, ÜDM göstəricisi hesablanarkən deinflyasiya deyilən göstərici saxtalaşdırılıb. Dövlət Statistika Komitəsi (DSX) bilərəkdən, ya bilməyərəkdən manipulyasiyalar edib. Yəni bahalaşmanın gerçək səviyyəsi ictimaiyyətdən gizlədilib. Konkret olaraq, DSX ötən ilin 10 aylıq dövrünə dair ümumi bahalaşma səviyyəsinin 2,3 faiz olması barədə xəbər yaymışdı. Bunun nəticəsində ÜDM-də 0,8 faiz artım olduğu qeyd edilmişdi. Ancaq rəsmi göstəriclərin təhlili göstərdi ki, ötən ilin 10 ayında ölkə üzrə bahalaşma səviyyəsi 2,3 faiz yox, azı 10,3 faiz olub”.
Nemət Əliyevin fikrincə, əgər DSX və prezident həmin göstəricini 2,3 faiz təqdim edirsə, saxtalaşdırmanın bütün konturları göz önündədir.
“Bu mənada prezidentin iqtisadiyyatın böyüməsi barədə fikirləri bahalaşmanın ört-basdır edildiyi aşağı səviyyə şəraitində mümkündür. Real bahalaşma səviyyəsini götürdükdə, 2018-ci ildə ölkə üzrə iqtisadiyyat böyüməyib, şişirdilib”, – ekspert əlavə edib.
Nemət Əliyev xatırladıb ki, ötən ilin 10 aylıq göstəricisində orta aylıq əməkhaqqında 2,8 faiz artım olub. Onun fikrincə, əgər gerçək bahalaşma səviyyəsinin 10,3 faizinin yüksək olması nəzərə alınsa, o zaman həyat səviyyəsinin 7,5 faiz pisləşdiyini demək mümkündür. Yəni dövlət başçısının haqqında danışdığı ötən ildə əhalinin həyat səviyyəsində azı 7,5 faiz pisləşmə olub. Əgər iqtisadiyyat böyüyübsə, onun real nəticəsi xalqın həyatında ifadə olunmayıb.
İqtisadçı hesab edir ki, dövlət başçısı DSX-nın məlumatlarını araşdırımalıdır. Çünki komitənin niyə ölkə başçısına və ictimaiyyətə saxta mılumatlar verməsi aydınlaşmalıdır.