Bir müddət əvvəl azadlığa buraxılan məmurların məhkəməsi başlayır
150 milyona yaxın mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rəfael Əliyevlə Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin sabiq rəisi Mənsur Əsgərovun məhkəməsi başlayır. Onlar aprelin 1-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq. Həmin gün sabiq nazir və şöbə müdirinin işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.
Rəfael Əliyev və Mənsur Əsgərovun işinə baxmaq Faiq Heydərovun sədrliyilə, Səxavət Hüseynov və Hüseyn Məmmədovdan ibarət hakimlər kollegiyasına həvalə olunub.
Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda keçirdiyi əməliyyatlar zamanı saxlanılıb. Bu əməliyyatlar nəticəsində həbs olunanlar arasında adları çəkilən iki nəfərdən başqa Naxçıvanın Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli, Muxtar Respublikanın Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Hicran Rüstəmov, Penitensiar Xidmətin rəisi Tofiq Həsənov da vardı. Onların hamısı saxlanılaraq, Bakıya – DTX-nın istintaq təcridxanasına gətirilmişdi.
Lakin hazırda bunlardan yalnız Tofiq Həsənov həbsdədir və bir neçə aydır ki, Naxçıvan Ağır Cinayətlər məhkəməsində onun işinə baxılır. Digərləri haqqında əvvəl həbs qətimkan tədbiri seçilib, bir neçə dəfə uzadılsa da, sonuncu uzadılan müddət başa çatandan sonra azadlığa buraxılıblar. Lakin barələrindəki cinayət işinə xitam verilməyib. Yəni azadlıqda olsalar da, onlara verilmiş ittihamlar üzrə istintaq davam etdirilib. Bugünlərdə də Rəfael Əliyev və Mənsur Əsgərov haqqında cinayət işinin istintaqı tamamlanaraq, məhkəməyə göndərilib.
Adları sadalanan məmurların hamısı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və başqa maddələrilə ittiham olunur.
Rəfael Əliyev 2020-ci ilin avqustunda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı əsasında Muxtar Respublikanın Maliyyə naziri təyin edilib. O vaxta qədər isə Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi idi.
Rəfael Əliyevdən sonra Mənsur Əsgərov Gömrük Komitəsində onun əvəzinə şöbə müdiri təyin edilib.
Rəfael Əliyev 144 milyon, Mənsur Əsgərov 132 milyon manat mənimsəmədə ittiham olunur.
Həbs olunub azadlığa buraxılanlardan Gömrük Komitəsinin sabiq sədri Səhət Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin oğludur.