12 yaşlı qızını nişanlayan ata həbs olunub

Foto: Meydan TV

Onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib

Sabirabad rayonunun Məmişli kəndində özündən 20 yaş böyük şəxslə nişanlanan 12 yaşlı uşağın atası həbs olunub. Mübariz Quliyev yetkinlik yaşına çatmayan qızını nikaha məcbur etməkdə ittiham olunur. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

44 yaşlı Mübariz Quliyevə qarşı Cinayət Məcəlləsinin 176-1.2 (qadını nikaha daxil olmağa məcbur etmə – nikah yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Mübariz Quliyevin ittiham olunduğu maddədə 3 min manatdan 4 min manata qədər cərimə və ya 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Mübariz Quliyev dindirmə zamanı qızını nikaha məcbur etmədiyini, bu addımın uşağın öz qərarı olduğunu deyib. O bildirib ki, övladı yetkinlik yaşına çatana qədər nikaha daxil olmasını planlaşdırmayıblar. Əksinə, qarşı tərəflə də razılaşma belə olub ki, qız orta məktəbi bitirəndən və 18 yaşı tamam olandan sonra toyları olacaq, nikah bağlanacaq.

Mübariz Quliyev dediklərini əsaslandırarkən vurğulayıb ki, qızı nişanlanandan sonra da məktəbdə təhsilini davam etdirir. Onun sözlərinə görə, dərsə davamiyyətində heç bir problem yoxdur.

5 yanvar 2011-ci il təvəllüdlü qız 1991-ci il təvəllüdlü Kərim adlı şəxslə nişanlanıb. Uşaq bildirib ki, valideynləri onu məcbur eləməyib, öz istəyilə nişanlanıb, onlar da razılıq verib.

Mübariz Quliyevin işi üzrə istintaq Sabirabad Rayon Polis Şöbəsində davam edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bu xəbər mediada yaılandan sonra icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının əməkdaşlarıyla birlikdə Quliyevlər ailəsinə baş çəkiblər.

Ana səhifəSosial12 yaşlı qızını nişanlayan ata həbs olunub