Bu gün Azərbaycan hakimiyyətinin müstəqil medialara qarşı başlatdığı repressiya siyasətinin göstəricisilərindən birinə çevrilmiş “Meydan TV işi”ndən 1 il keçir.
2024-cü il dekabrın 6-da, həftənin cümə günü, iş saatında – saat 13:00 radələrində Bakıda Meydan TV ilə əməkdaşlıq etmiş bəzi şəxslərlə əlaqə itdi.
Daha sonra məlum oldu ki, Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar və Bakı Şəhər Baş Polis İdarəsinə aparılıblar.
Eyni zamanda Meydan TV ilə heç bir əməkdaşlığı olmayan, vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb.
Fotojurnalist Əhməd Muxtar da həmin gün saxlanılanlar arasında idi.
Aydın oldu ki, jurnalistlərin bəzilərinin evlərində axtarış aparılıb. Onlara aid olan şəxsi avadanlıqlar və əşyalar götürülüb.
Daxili İşlər Nazirliyinin həmin gün yaydığı məlumatda qeyd edilirdi ki, jurnalist Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb. Bundan əlavə bir neçə şəxs də araşdırma çərçivəsində saxlanılıb.
Bunun ardınca Meydan TV rəhbərliyi bəyanat yayaraq bildirdi ki, jurnalistlərin saxlanılması, dindirilməsi qeyri-qanunidir və bütün bu ittihamları rədd edirlər.
“Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub.Saytımız 2017-ci ildən etibarən ölkə sərhədləri daxilində rəsmi olaraq qadağan edilib. Kanalın sosial media hesabları dəfələrlə kiberhücuma məruz qalıb və məlumat, materiallar silinib”,- bəyanatda belə deyilirdi.
Meydan TV bütün baş verənlərin arxasında hakimiyyətin müstəqil medianı sıradan çıxarmaq istəyinin dayandığını qeyd edirdi.
Hakimiyyətyönlü mediada isə ard-arda Meydan TV jurnalistləri, media qurumu ilə əməkdaşlıq edən şəxslər və ümumilikdə qurumun fəaliyyəti barədə qarayaxma və şər-böhtan kampaniyası aparılır, jurnalistlərin saxlanmasına “səbəb” kimi təqdim olunan “istintaq” materialları geniş şəkildə tirajlanırdı.
Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açıldı.
Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsində Meydan TV əməkdaşlarına qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirildi. Məhkəmənin qərarı ilə istintaq dövründə jurnalistlər və digər saxlanılan şəxs, vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi.
Fotojurnalist Əhməd Muxtar isə xırda xuliqanlıq və polis işçisinin əmrinə tabe olmamaqda təqsirli bilinərək 20 sutka inzibati həbs cəzası aldı.
Həbslər bununla bitmədi.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanıldı. Onun barəsində də məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçildi.
Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılaraq məhkəmə qərarı ilə həbs edildi.
Ardınca jurnalist Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV işi” üzrə saxlanılaraq həbs olundu.
Mayın 7-də Jurnalist Ülviyyə Əli (Quliyeva) bu iş üzrə həbs edildi.
Avqustun 27-də isə Əhməd Muxtar həbs olundu. O, “Meydan TV işi” üzrə həbs olunan sayca 12-ci şəxsdir.
Bir gün sonra isə, avqustun 28-də “Meydan TV işi” üzrə istintaqın yekunlaşdığı barədə xəbər yayıldı və məlum oldu ki, bu iş üzrə ittihamlar ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
İş üzrə həbs edilən şəxslər ümumilikdə Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunurlar.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.
Bir neçə gün sonra bu iş üzrə həbs olunanların məhkəmə prosesi başlayır.
Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə hazırlıq iclası keçiriləcək. Prosesə hakim Aytən Əliyeva sədrlik edəcək.