“Liftimiz ölüm mənbəyidir, ayağını atan şaxtaya düşər, tikəsi də ələ gəlməz. Dərd təkcə bu deyil. 12 ildir binada yaşayış var, ancaq hələ də binada tamamlanma işləri başa çatmayıb. Bura köçdüyümüz gündən bəri hər günümüz, hər saatımız problemdir, əziyyətdir, həyatımız üçün təhlükədir”.
Solmaz Sultanova Meydan TV-yə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 19-cü məhəllədəki 26 saylı binadan söz açır. 11 mərtəbəli, 3 bloklu, 132 mənzilli yaşayış binası ilk baxışdan problemsiz görünür. Ancaq içərisinə daxil olub bir-iki mərtəbə çıxmaq kifayət edir ki, oradakı çoxsaylı problemləri görəsən.
Bina yarımçıq vəziyyətdə istifadəyə verilib
Bina “Rəndə-1” şirkəti tərəfdən 2004-cü ildə tikilib. 2006-cı ildə sakinlərə binadakı mənzillərini təmir edib köçməyə icazə verilib. Şirkət tərəfindən sakinlərə vəd olunub ki, yaxın vaxtlarda binadakı işlər bitəcək, bina dövlət qurumları tərəfindən isitsmara qəbul olunacaq. O vədin üstündən nə az – nə çox, düz 12 il ötür.
Solmaz xanım sözünə davam edir: “Müqavilədə göstərilib ki, binadakı inşaat, kommunal işlər tam başa çatandan sonra istifadəyə veriləcək. Ancaq işlər yarımçıq qalıb, binanı yarımçıq vəziyyətdə istifadəyə veriblər. Qaz hələ də verilməyib, İşıq da 3 il əvvəl sakinlər yolu bağlayandan sonra zəif təzyiqlə verildi. Hava bir az soyuyan kimi söndürülür, qalırıq zülmətdə… Su bəzən gecələr verilir, o da zəif təzyiqlə… Liftin qapısı qoyulmayıb, blokların qapıları yoxdur. Bloklar təmirsiz qalıb. Pilləkənlər sınıq-sınıq… 12 ildir ki, bu vəziyyətdə yaşayırıq”.
Hər dəfə toplaşma, hər dəfə səs-küy…
Binada su, qaz, işıq sayğaclaşma işləri də yarımçıq aparılıb. Səbəb kommunikasiya xətlərinin çəkilişinin başa çatmamasıdır: “Bəzi evlərdə su sayğacı var, bəzilərində yox. “Azərsu” nə şifrə verir, nə də su… Dəfələrlə şikayət etmişik, eşidən yoxdur. İki il əvvəl növbəti dəfə toplaşdıq, səs-küy saldıq, tv çəkilişləri çağırdıq, ondan sonra gətirib evlərin yarısına su sayğacları quraşdırdılar. Ancaq o iş yenə yarımçıq qaldı. Ötən il yenə toplaşdıq, səs-küy yaratdıq, gətirib qaz xətlərini çəkib getdilər, ancaq qaz verilmədi. Liftlərin qapıları açıqdır, özümüz taxta söykəmişik ki, uşaqlar şaxtaya düşməsin. Fövqəladə Hallar Nazirliyi hara baxır? Bina ölüm mənbəyidir. Dəfələrlə görmüşük ki, kimsə liftin açıq hissəsinə söykədiyimiz taxta parçalarını götürüb kənara atıb. Biri qonaq gələ, fikirli ola, ayağının altına baxmaya, ya elə binadakı uşaqlar maraq üçün boylanarlar, inanın ki, faciəsiz ötüşməz. 11 mərtəbəli binada lift qapılarının olmaması nə deməkdir? 12 ildir gözümüz liftlərdədir ki, şaxtaya düşən olmasın”.
Mənzillər, obyektlər satışa çıxarılsa da…
Şəraitsizlik sakinləri məcbur edib ki, mənzillərini satışa çıxarsınlar. Binadakı mənzillərin və altındakı obyektlərin çoxu sahibləri tərəfindən əmlak alqı-satqısı satylarında satışa çıxarılıb. Sakin Eldəniz Süleymanov deyir, gəlib mənzillərlə, obyektlərlə maraqlananlar ikinci dəfə bura qayıtmır:
“Elə bircə biləndə ki, bina 12 ildir istifadəyə verilib və hələ də dövlət tərəfindən istismara qəbul olunmayıb, dönüb çıxıb gedirlər. Artıq bilirlər ki, burda yaşamaq zülm olacaq. Özü də müştəri binanı gorən kimi liftlə maraqlanır, biləndə ki, 12 ildir 132 ailənin yaşadığı binada hələ də lift quraşdırılmayıb, baxmaq istədiyi mənzilə qalxmır, elə blokun girişindən geri qayıdır”.
İltimas Qocayev: “Liftin olmaması üzündən 9-10-11-ci mərtəbələrdə yaşayanlar başqa yerlərə kirayəyə köçüblər. Xəstə, yaşlı insanlar, məktəbli uşaqlar hər gün bir neçə dəfə 8-9-10-11-ci mərtəbələrə piyada necə qalxıb-düşsünlər? Yuxarı mərtəbədəki qonşunu elə pilləkənlərdə infakt vurdu, qonşular aşağı düşürüb, təcili yardıma qoyub xəstəxanaya apardılar. 12 ildə o qədər belə hadisələr gördük ki burda… Şaxtaya pişik düşür, çıxa bilmir, ölür, çürüyür, iyi binanı götürür. Hamısı xəstəlik mənbəyidir”.
“Hüquqi ünvan” məsələsi işi çətinləşdirib
Bina Sumqayıt Şəhər İcra Hakimiyyətinin az qala bir addımlığındadır. Ancaq sakinlərin deməsinə görə, quruma dəfələrlə müraciət etmələrinə baxmayaraq, bircə dəfə də gəlib problemləri ilə maraqlanan olmayıb.
Sakinlərin bir hissəsi müxtəlif vaxtlarda “Rəndə-1” MTK-nı məhkəməyə veriblər. Ancaq məhkəmə iddia ərizələrini geri qaytarıb. Sakin Yalçın Quliyev: “Əlimizdə bir vərəqdən ibarət müqavilədən başqa heç nə yoxdur. Hamı başqa-başqa yerlərdə yaşayış qeydiyyatındadır. Bina yarımçıqdır, ona görə də dövlət tərəfindən istismara qəbul edilmir. Nəticədə mənzillərimizi sənədləşdirə bilmirik. Bu və çoxsaylı kommunal problemlər səbəbindən şirkəti məhkəməyə veririk ki, pullarımızı geri alıb çıxıb gedək, başımıza çarə tapaq. Ancaq buna da nail ola bilmirik. Müqavilədə MTK-nın ünvan kimi elə tikdiyi bu binanın yerləşdiyi ünvan göstərilib. Hakimlərsə tələb edir ki, şirkətin yerləşdiyi hüquqi ünvanı qeyd edək. Deyirik, adamlar bizimlə bağladıqları müqavilədə bu ünvanı göstəriblər, bu da hüquqi sənəddir, bizdə başqa ünvan yoxdur. Beləcə, məhkəmələr işi uzadır, süründürməçilik davam edir. Şirkətdən bir adam ortada görünmür. Yarımçıq tikdikləri binadakı mənzilləri, binanın aşağısındakı obyektləri satıb, pulları yığıb ortadan yoxa çıxıblar. Məhkəmələr də deyir, get, yeri tap, adamı tap, gətir, işinə baxım. Mən yeri, adamı tapsaydım, elə divara dirəyib pulumu alardım də. Bu, bir-iki ailənin yox, 132 ailənin problemidir. Burda məsələyə dövlətin müdaxiləsi olmalıdır”.
Ünvanı necə müəyyən etməli?..
Hüquqşünas Vaqif Alıyev deyir, belə məsələlərdə iddiaçı məhkəməyə müraciət edərkən müqavilədə göstərilən ünvana əsaslanır, iddia ərizəsində cavabdehin ünvanı kimi məhz müqavilədə qeyd olunanı qeyd edir. Hüquqşünas:
“Məhkəmə təcrübəsinə əsasən, mülki işlər üzrə cavabdeh hüquqi şəxs olduqda, onun hüquqi ünvanını təsdiq edən sənəd heç də hər zaman əlavə edilmir. Bu isə iddia ərizəsinin qaytarılması üçün əsas ola bilməz. Çünki hüquqi şəxsin ünvanını təsdiq edən sənədin əldə edilməsi mümkün deyil, səbəb də odur ki, hüquqi şəxs haqqında məlumatlar vergi orqanlarında olur. Əvvəllər bu məlumatlar ictimaiyyətə açıq idi, indi isə qanunla kommersiya sirri hesab olunur. Ona görə də, iddia ərizəsinə əlavə edilmiş müqavilənin surəti cavabdehin ünvanını təsdiq edən sənəd kimi qəbul edilməlidir. Çünki müqavilədə cavabdehin ünvanı özü tərəfindən göstərilib. İddiaçı həmin qərardaddan mütləq apelyasiya şikayəti verməlidir”.
Məsələn, sakin Samaya Hüseynovanın Sumqayıt Şəhər Məhkəməsinin “iddia ərizəsinin icraata qəbul edilməsindən imtina” qərardadından verdiyi apelyasiya şikayəti təmin olunub. Amma nə olsun? İş müqavilə üzərində göstərilmiş cavabdehin ünvanı üzrə baxılması üçün birinci məhkəməyə qaytarılıb. Həmin ünvanda isə şirkət yox, şirkətdən narazı 132 ailə var. Hüquqşünas Vaqif Alıyev deyir, belə olan vəziyyətdə vətəndaşlar yığışıb əvvəlcə hüquqi ünvanın müəyyən edilməsi iddiası ilə məhkəməyə müraciət etməlidilər. Vergilər Nazirliyindən ünvanı məhkəmə yolu ilə əldə etməlidilər.
Problemləri həll etmək üçün qrafik tutmuşdu
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, ötən 12 ildə sakinlər dəfələrlə quruma müraciət ediblər. Qurum da “Rəndə-1” MTK-nın rəhbərliyi ilə dəfələrlə görüşüb, məsələnin həllinə çalışıb. Hələ 8 il əvvəl MTK-nın rəhbəri Müslət Nəcəfov binada görəcəyi işlərin qrafikini də tutaraq, imzalayaraq quruma təqdim edib. Həmin sənədə görə, MTK girişləri rənglənməli, həyəti abadlaşdırmalı, liftləri təhvil verilməli, binanın qazlaşdırmalı, işıq, su problemini kökündən həll etməliydi. Ancaq indiyədən binada yalnız işıq problemi həll olunub. O da icra hakimiyyətinin sayəsində… MTK isə müqaviləylə vətəndaşların qarşısında üzərinə götürdüyü öhdəliklərin heç birini hələ də yerinə yetirməyib. Qurumdan o da bildirilib ki, sakinlər bu məsələni şirkətlə öz aralarında məhkəmə müstəvisində həll etməlidilər.
Sakinlər kimi, Meydan TV müxbiri də “Rəndə-1” MTK-nın sahiblərini hansı ünvanda axtaracağınnı bilmədi. İnternet üzərindən araşdırmalardan isə bu şirkətlə bağlı yalnız bir məlumat tapa bildi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələ 10 il əvvəl şirkəti həmin binanın ərazisindəki yaşıllığı məhv ediyinə görə cərimələyibmiş.