10 yaşlı qızın ölümündə şübhəli bilinən şəxs: Döyürdülər, bədənimə “tok” verirdilər

Onun vəkili məhkəmədə deyib ki, işgəncə barədə şikayət mütləq araşdırılmalıdır.

Source: meydan.tv


İlkin Süleymanov işgəncə altında etiraf etdiyini deyir

Yanvarın 23-də Sabunçu Rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Süleymanovanın ölümünə görə həbs olunmuş İlkin Süleymanovun apelyasiya şikayətinə baxılıb. Şikayət İ.Süleymanov haqqında həbs-qətimkan tədbiri seçilməsi barədə Tovuz Rayon Məhkəməsinin qərarından verilib.

Gəncə Apelyasiya Məhkəməsinin hakimlərinin keçirdiyi prosesdə İ.Süleymanov özü də iştirak edib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, İ.Süleymanov təqsirsiz olduğunu vurğulayıb. Bildirib ki, Nərmini oğurlaması, evlərindəki otaqların birində bir aydan artıq saxlayıb, daha sonra öldürməsi, meyiti yandırması barədə etiraf ifadəsi ondan işgəncə altında alınıb.

1973-cü il təvəllüdlü İ.Süleymanov bildirib ki, polis idarəsində onu döyüblər, bədəninə cərəyan veriblər: “Çox döydülər, bədənimə tok verirdilər. Dözə bilmədim. O işgəncələrin izləri hələ də bədənimdə qalır”.

İ.Süleymanov üzərindəki xəsarət izlərini məhkəmədə iştirak edən hakimlərə də, prokurorluq əməkdaşlarına da göstərib. Bu barədə detallı danışıb.

Onun vəkili məhkəmədə deyib ki, işgəncə barədə şikayət mütləq araşdırılmalıdır. Vəsatət qaldıraraq, şikayətin araşdırma üçün prokurorluğa göndərilməsi haqda qərar qəbul edilməsini istəyib. Vəkil İ.Süleymanovun başqa prosessual hüquqlarının da pozulduğunu bildirib. Məsələn, İ.Süleymanovun ailə üzvlərilə əlaqəsinə imkan verilməyib, yaxınlarının müqavilə bağladığı vəkil uzun müddət onunla görüşə bilməyib və s.

Gəncə Apelyasiya Məhkəməsinin hakimləri həbs qərarından verilmiş şikayəti təmin etməyib. Tovuz Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Amma İ.Süleymanovun işgəncəyə məruz qalması barədə məhkəmədə söylədiklərinin araşdırılması üçün prokurorluğa göndərilməsinə qərar verilib.

İ.Süleymanovun özünü təqsirli bilməməsini vəkili Əlibaba Rzayev də təsdiqləyib. Vəkil bildirib ki, İ.Süleymanovun səhhətində problemlər var. Müdafiəçi özü də onun üzərindəki xəsarət izlərini gördüyünü bildirib.

Vəkil Ə.Rzayev apelyasiya şikayətinin təmin olunmaması barədə qərardan da narazı qalıb.

2010-cu il təvəllüdlü Nərmin Quliyeva noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. Ailəsinin sözlərinə görə, o, həmin gün əmisigilə getmək üçün öz evlərindən çıxıb. Qohumları onun əmisigilə çatdığını və oradan da evlərinə geri qayıtmaq üçün çıxdığını deyir. Bundan sonra ondan xəbər olmayıb.

10 yaşlı Nərminin meyiti bir də yanvarın 6-da kənddə yandırılmış vəziyyətdə tapılıb. Üç gün sonra hüquq-mühafizə orqanları bu hadisəyə görə İ.Süleymanovun tutulduğunu, onun Nərmini oğurlayıb öldürməsi barədə etirafedici ifadə verdiyini bəyan edib.

İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldümə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələrilə ittiham irəli sürülüb.

İ.Süleymanovun ailə üzvləri mətbuata açıqlamalarında onun bu cinayəti törətmədiyinə əminliklərini ifadə edirlər. Bildirirlər ki, onların evində Nərminin ayyarım saxlandığı iddia olunan otağa dəfələrlə girib-çıxıblar, orada kimsə olmayıb. Onlar da iddia edirlər ki, cinayətin üstünün açılması görüntüsü yaratmaq üçün bunu İ.Süleymanovun bornuna qoyub, ondan işgəncə altında etiraf ifadələri alıblar.

Ana səhifəSosial10 yaşlı qızın ölümündə şübhəli bilinən şəxs: Döyürdülər, bədənimə “tok” verirdilər