İbrahim Cəfərov ölkə başçısına müraciət edir
Yanvarın 9-da 169 saylı məktəbdən azad olunan və elə həmin gün də 5 sutka inzibati cəza alan rus dili müəllimi İbrahim Cəfərov hazırda işsizdir.
Bu barədə Meydan TV-yə danışan İbrahim Cəfərov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə ittiham olunmasını qəbul etmir, müəllim kimi aşağılandığını düşünür.
“Direktor sənədlərimi qəbul etmədi”
10 xarici dil bilən İbrahim Cəfərov deyir ki, o, ötən il Bərdə şəhərindən paytaxtın 169 saylı məktəbinə yerdəyişmə edib:
“Sənədlərimi İnsan Resursları Mərkəzinə apararkən ordan məktəblə tanış olmağa yollandım. Lakin məktəb direktoru Pərvanə Əzimova mənim niyə bu məktəbə gəldiyimi, niyə bu məktəbi üçüncü göstərdiyimi soruşdu. Bildirdim ki, bala uyğun 12 saat dərsə düşmüşük. Amma direktor Bakıxanov qəsəbəsinin kriminal yer olduğunu əsas gətirərək burda mənim üçün çətin olacağını, 12 dərs saatı ilə dolana bilməyəcəyimi bildirdi. Qeyd etdim ki, mənim üçün bu kifayətdir. Direktor sənədləri qəbul etmədi və sentyabrda gəlməyimi söylədi. Sentyabrda isə “6 saat dərs var, gedin başqa məktəbə” deyib sənədləri götürmədi”.
“Dərslərin sayı 6 yox, 16 imiş”
İ.Cəfərov bildirib ki, getdiyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kadr şöbəsinin əməkdaşları israrla onu başqa məktəbə yerləşdirmək istəsələr də, 6 saatlıq dərslə razılaşıb:
“Sentyabrın 16-da məktəbə gəlsəm də, dərsə buraxılmadım. Direktor növbəti həftə də məktəbdə dərs keçməyə qoymadı və şagirdlərin gözü qarşısında nə əsasla səni dərsə buraxım deyəndə, işə qəbul olmağım haqda sənədi ona təqdim etdim. Mən sonradan öyrəndim ki, direktor da, müavini də rus dili müəlliməsidir. Tədrisin başlayan vaxtı məlum oldu ki, məktəbdə faktiki 16 saat dərs var. Digər saatları istədikdə “mən də dolanmalıyam, başqa gəlir yerim yoxdur, həyat yoldaşım Qarabağ əlilidir” cavabını eşitdim. Razılaşdım. Amma sonradan uşaqlar dedi ki, rus dili müəllimi olan direktor 3 il ərzində, yəni əvvəl direktor müavini olanda, ardınca direktor keçəndən sonra uşaqlara dərs keçməyib. Dərslər Elnarə Vəliyeva tərəfindən birləşdirilib və çox ciddi maliyyə pozuntusuna yol verilib. İndi də bəzi siniflərdə iki müəllim dərs keçir ki, bu da əsaslı maliyyə pozuntusudur. Təəssüf ki, müvafiq orqanlar bu pozuntuları araşdırmaq əvəzinə məni günahkar çıxardırlar”.
“Şərləmə kampaniyasına start verdilər”
İbrahim Cəfərov deyir ki, həmin ərəfədə Təhsil naziri İsmayıllı rayonunda qəbul günləri keçirirmiş. O da şikayət etmək üçün rayona getmək istəyib. Amma direktor müavini Fərman Əmirov ona “getmə, direktor razıdır, sənə dərs verəcək” söyləyərək, arxayın salıb:
“Dərs saatlarım 8, sonra isə 11 saat oldu, amma bunların müqabilində şərləmə kampaniyasına da start verdilər. Məsələn, deyirdilər ki, sən kəndlisən, imtahanda təsadüfən bal yığmısan, rus dilində danışa bilmirsən, orta məktəbi azərbaycanca bitirmisən və s. Hər səhər işə taksi ilə gəlməyimə baxmayaraq, dərsə gecikdiyimi bildirirdilər. Yaxud “üzün çox tüklüdür” kimi cəfəng ittihamlara başladılar. Həmin vaxtlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsi rus dili müəllimi olan Afət Heydərovanı direktor müavini təyin etdi. Afət Heydərova bura məqsədli göndərildiyini, mənim yerimə keçəcəyini xatırladıb “sənin vaxtına az qalıb” dedi”.
Məktəbə polis çağırılıb
Müəllimin sözlərinə görə, oktyabrın 17-də sinfin lövhəsi kiçik olduğundan başqa sinifdə dərs keçmək istəyib:
“Həmin sinifdəki uşaqlardan xahiş etdim ki, bir günlük otaqları dəyişək. Amma bunu müəllimələrinə xatırlatmalarını istədim. Zəng vurulmuşdu, 10 dəqiqə keçirdi, dərsi artıq lövhədə yazırdım. Bu vaxt həmkarım, rus dili müəlliməsi Elnarə Vəliyeva həmin uşaqlarla sinifə daxil olub “burda ancaq mən dərs keçə bilərəm, direktor deyib, sən ömürlük burada keçəçəksən” söylədi. Elnarə müəlliməyə sinifdə lövhənin kiçik ölçülü olduğunu, qaydaları izah etmək üçün yalnız bu günlük böyük lövhəyə ehiyacım olduğunu bildirsəm də, getmədi. Belə olanda ona həmkar olduğumuzu xatırladıb, uşaqlarla birgə digər sinif otağına geçdim. Dərsə başlamışdım ki, direktorun məni çağırdığını dedilər. Aşağı düşüb direktorun otağına daxil olanda, polislə qarşılaşdım. O, kobud şəkildə “sən nə işlərlə məşğul olursan, bu nə hərəkətdir? Camaatın üstünə bıçaq çəkirsən, gedirik şöbəyə, səndən şikayət var, müəllimə heç oxşamırsan, köynəyin yaxasını bağlamamısan. Direktoru gör nə hala salmısan”, sözləri ilə hədələdi. Ardınca “Facebook” səhifəmdə direktor müavininin şübhəli məlumatlar tapdığını da söylədi. Məni polis maşınına kobud, qatı cinayətkar kimi mindirdilər, təəssüf ki, bunların hamısı şagirdlərin gözü önündə baş verdi. Məncə, müəllim nüfuzumun zədələnməsi üçün direktor tərəfindən hesablanmış bir gediş idi”.
İ.Cəfərov şöbədə polislərin onun şərləndiyini başa düşdüyünü deyir:
“Sabunçu rayon 13-cü Polis Bölməsində məndən izahat aldılar. İzahatımda dedim ki, deyilənlər böhtandır və bunu işgüzar nüfuzuma zərbə kimi qiymətləndirirəm. Polislərə saxlanılmağım barədə mətbuat orqanlarına məlumat verdiyimi dedikdə, buralıq işimin olmadığını, növbəti gün prokurorluğa çağıracaqlarını dedilər. Amma 17 oktyabrdan bu günə kimi nə prokurorluğa çağırdılar, nə də prokurorluqdan məktub aldım”.
"Direktor 3 ildə dərs keçməyib”
Müəllim hesab edir ki, təzyiqlərə məktəbdə dərs saatının faktiki daha çox olduğunu müəyyən etməsi, direktor Pərvanə Əzimovanın uşaqlara 3 ildə dərs keçməməsini aşkara çıxarması səbəb olub. O, direktorun göstərişi ilə şərləndiyi qənaətindədir:
“Yaxud dərs vaxtı şagirdlərin kitabxanaçıya köməklik etməsinə etiraz edib deyirdim ki, onlar dərsdə olmalıdır. Ancaq bu etirazım qarşısında deyirdilər ki, mən məktəbə göndərilmiş bombayam. Direktora deyiblər ki, uzağı iki ay burda qala biləcəksən, İbrahim müəllim Təhsil naziri ilə görüşmüş insandır, düzgün işlədiyinə görə sənə problem yaradacaq. Haqqımı tələb edəndə də, direktor məni prokurorluqla hədələyirdi. Mənim şagirdlərə təmənnasız dərs vəsaitləri verməyim rəhbərliyi qıcıqlandırırdı. Təsəvvür edin ki, Sabunçu polisində də materialların təmənnasız şagirdlərə verməyimin nə dərəcədə cinayət olmasını soruşdum. Bu polislərdə də gülüş doğurdu. Bildirdilər ki, sən öz cibindən xərc çəkib şagirdlərə əlavə dərs vəsaitləri gətirirsən, burda heç bir qəbahət yoxdur. Mən bunları uşaqların savadlı olması üçün edirəm. Direktor pulsuz hazırlıq keçməyimə də mane olur. Mənim savadıma şübhə ilə yanaşırlar, deyirlər ki, kənddən gəlmişəm”.
Təklifi rədd edən müəllim şərlənib?
İbrahim Cəfərov oktyabrın 17-də Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin rəhbəri Eşqi Bağırovun qəbulunda olub:
“Sevindim ki, Prezidentə ünvanladığım video müraciətə cavab olaraq çağırıblar. Lakin belə olmadı, qəbula daxil olanda məndən şikayət edildiyini bildirdi. Cavab verdim ki, hansı şikayət, dərs saatı kəsilən mən, şərlənən mən, nazirliyə məktub yazan mən, amma direktorun göndərdiyi məktuba tez reaksiya verirsiz. Eşqi Bağırov dedi ki, əvvəlki şikayətlərinə baxılıb. Halbuki, sentyabrdakı müraciətimi aprel ayında həll etdilər və bu neçə ayda necə dolandığımı soruşan olmadı. Bunların müqabilində Eşqi Bağırov mənə 169 saylı məktəbdən çıxmağımı məsləhət bildi və başqa məktəbə yerləşdirəcəyini dedi. Amma razılaşmadım. Görün, vəziyyət nə yerdədir ki, nazirliyin rəsmisi işdən çıxmağımı məsləhət görür. Bu qəbuldan sonra polis zəng edib şöbədən kənarda görüşməyi təklif etdi. Mən isə yazılı çağırış istədim. Nəticədə yanvarın 9-da 8b sinifinə dərs keçən zaman polislər məni apardılar. Şagirdlərin qarşısında polis gəlir səni aparır, belə tədris olarmı?! Gətirdilər direktor əvəzi Afət Heydərovanın yanına, o da dedi ki, səninlə əmək müqaviləsi ləğv olunub. Səbəb kimi isə guya 6-cı sinif şagirdi Fateh Cəfərovu döymüşəm və məktəbin etik qaydalarına əməl etməyib şagirdlərin hamısına 5 qiyməti yazmışam. Ardınca polis rus dili müəlliməsi Elnarə Vəliyevanın şikayəti əsasında məcburi aparılmağımı xatırlatdı. Mən məhkəmənin hökmü olmadığını xatırladıb etiraz etsəm də, polis “siz necə müəllimsiz, heç hüquqi savadınız da yoxdur, müstəntiq prosessual şəxsdir, o, sizin həbsinizlə bağlı qərar verə bilər”,- dedi. 3 saat polis şöbəsində saxlanıldım, telefonumdan istifadə etmək qadağan olundu. Elə həmin günü Sabunçu Rayon Məhkəməsində hakim Süleyman Ağayevin hökmü ilə 5 sutka azadlıqdan məhrum edildim”.
Müəllim ölkə rəhbərliyinə müraciət etdi
İbrahim Cəfərov Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyini xatırladaraq bildiridi ki, hazırda işsizdir, azyaşlı övladları və kredit borcu var:
“İşsiz vəziyyətdə ailəsini dolandırmağın necə çətin olduğunu hər kəs bilir. Ona görə ölkə rəhbərliyindən mənə məktəblərin birində iş verilməsinə kömək etməsini xahiş edirəm”.
Rəsmilər deyir ki…
Meydan TV İbrahim Cəfərovun ittihamları ilə bağlı 169 saylı məktəbin direktoru Pərvanə Əzimova ilə əlaqə saxlamağa cəhd edib. Direktorun katibəsi Sevda Hatəmova Pərvanə Əzimovanın məktəbdə olmadığını bildirib. S.Hatəmova özü İ.Cəfərovun dediklərinə şərh verməyəcəyini, P.Əzimovanın redaksiya ilə əlaqə saxlayacağını vəd etsə də, 3 gün ərzində reaksiya olmayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə Meydan TV-yə İbrahim Cəfərovun qarşılaşdığı durumdan məlumatsız olduğunu bildirib. Cəsarət Valehov deyib ki, İbrahim Cəfərov nazirliyin müvafiq şöbəsinə müraciət etsin, məsələ araşdırılacaq.