İyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalova (Basqal) hökm oxunub.
Məhkəmənin qərarı ilə Kənan Zeynalov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Kənan Zeynalov bildirib ki, həbs olunmasının səbəbi Tofiq Yaqublunun məhkəməsində şahid kimi ifadə verməsi olub.
Dövlət ittihamçısı Babaxan Həsənəliyev Zeynalovun 10 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.
Kənan Zeynalov ötən ilin martında həbs olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilir.
İttiham aktında iddia olunur ki, AXCP fəalı Yeni Günəşli qəsəbəsində Anar Rəhimov adlı şəxsə mübahisə zəminində qarın nahiyəsindən bıçaqla zərbə endirib.
K.Basqal heç kimi bıçaqlamadığını, tutulması üçün öncədən hazırlanmış ssenari əsasında həbs olunduğunu deyir.
Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox partiya üzvü və fəalı həbsdədir. Partiya onların da siyasi motivlərlə təqib olunduğunu bəyan edir.
Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında 328 siyasi məhbusun adı var.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.