Toplum TV-nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədlinin səhhəti ilə bağlı həyat yoldaşı Günay Məmmədli və qardaşı Nəsimi Məmmədli yeni məlumatlar yayıblar.
Günay Məmmədlinin bildirdiyinə görə, Ələsgər Məmmədli avqustun 13-də həbsxanadan zəng edib. O, iki gündür qida qəbul edə bilmədiyini, baş ağrıları, yüksək ürək döyüntüləri və boğulma hallarının davam etdiyini deyib.
Onun sözlərinə görə, həmin gün Ələsgər Məmmədlinin ürəyini müayinə etmək üçün həkim gəlib.
“ Həkim sabit halda edilən elektrokardioqrafiyanın (EKQ) ürəkdə olan hər hansısa ciddi problemi göstərməməsinin mümkünlüyünü bildirib. Həkim eyni zamanda yüksək döyüntü və təzyiqin qalxanabənzər vəzdəki 23-25 millimetrlik şişdən qaynaqlana biləcəyini də deyib. Ələsgər bəy həkim gələrsə şişlə bağlı ÜSM müayinəsi ediləcəyini də dedi”, – Günay Məmmədli qeyd edib.
Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli isə avqustun 14-də sosial şəbəkədə paylaşdığı statusda yazıb ki, həkim özü ilə gətirdiyi xüsusi tibbi avadanlıqla müayinə aparıb və ürəkdəki problemin səbəbini dəqiqləşdirmək üçün əlavə üç analiz və müayinənin vacib olduğunu bildirib.
Onun yazdığına görə, həkimin ilkin qənaətinə əsasən, boğaz nahiyəsindəki qalxanabənzər vəz şişinə görə hazırda angioqrafik müayinə məqsədəuyğun deyil. Əlavə müayinə və analizlərin nəticələrindən sonra ürəkdəki problemin dəqiq diaqnozunu müəyyənləşdirmək mümkün olacaq.
Nəsimi Məmmədli bildirib ki, Ələsgər Məmmədlinin vəziyyəti hələ də narahatedicidir. Onun sözlərinə görə, ürək döyüntüsü, nəfəs darlığı və kəskin baş ağrıları Ələsgər Məmmədlinin yuxu rejimini ciddi şəkildə pozub.
Nəsimi Məmmədli paylaşımında qardaşının uzun müddət davam edən həbs şəraitində səhhətinə ağır zərbə dəydiyini bildirib.
Ələsgər Məmmədlinin səhhəti ilə bağlı narahatlıqlar bundan əvvəl də ailəsi və vəkilləri tərəfindən gündəmə gətirilib. Onun qalxanvari vəzisində düyün və şişlərin olduğu, bununla bağlı əlavə müayinələrə ehtiyac yarandığı bildirilib. Vəkilləri onun ev dustaqlığına buraxılması üçün vəsatətlər qaldırsalar da, məhkəmələr tərəfindən təmin edilməyib. Ələsgər Məmmədli avqustun 8-dən 9-na keçən gecə Bakı İstintaq Təcridxanasında növbəti dəfə ürək tutması keçirib və uzun müddət yataqda qalıb.
Ələsgər Məmmədli 2024-cü il martın 8-də “Toplum TV işi” üzrə saxlanılıb. O, əvvəlcə qaçaqmalçılıqda, daha sonra isə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi ittihamları ilə təqsirləndirilib. Məmmədli ittihamları qəbul etmir və həbsinin siyasi motivli olduğunu bildirir. 2026-cı il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 14 il müddətinə azadlıqdan məhrum edib. Həmin gün “Toplum TV işi” üzrə 9 nəfər barəsində 12 ildən 15 ilədək hökm çıxarılıb.