Həbsdə olan Toplum TV-nin həmtəsisçisi, media eksperti və hüquqşünas Ələsgər Məmmədlinin səhhəti ilə bağlı yeni narahatlıqlar yaranıb. Onun qardaşı, politoloq Nəsimi Məmmədlinin sözlərinə görə, hüquqşünas yüksək təzyiq, şəkərli diabet və tez-tez təkrarlanan şiddətli baş ağrılarından əziyyət çəkir.
Ailə onun ürək-damar sistemi ilə bağlı problemin dəqiqləşdirilməsi üçün əlavə müayinələrin, o cümlədən angioqrafiyanın aparılmasını istəyir.
Nəsimi Məmmədli Meydan TV-yə bildirib ki, avqustun 11-də qardaşı ilə görüş zamanı onun səhhətindəki problemləri açıq şəkildə müşahidə edib.
“Bənizi solmuşdu, yorğun və təngnəfəs idi. Biləyindən nəbzini yoxladım, dəqiqədə 120-dən yuxarı vururdu. Çox gərgin vəziyyətdə idi”, – Nəsimi Məmmədli deyir.
Onun sözlərinə görə, Ələsgər Məmmədlinin arterial təzyiqi tez-tez dəyişir, həftənin 4-5 günü isə şiddətli baş ağrıları olur. Nəsimi Məmmədli bildirib ki, bəzən ağrı bütün gün davam edir və yalnız həkim tərəfindən təyin olunan ağrıkəsicilərdən sonra azalır.
Nəsimi Məmmədli həmçinin qardaşının ürəyi ilə bağlı probleminin olduğunu deyib. Onun sözlərinə görə, iyulda keçirilən məhkəmə iclaslarından birində Ələsgər Məmmədlinin vəziyyəti qəfil pisləşib, proses dayandırılıb və həkim çağırılıb.
Nəsimi Məmmədlinin sözlərinə görə, avqustun 9-da 1 saylı Bakı İstintaq Təcridxanasında da Ələsgər Məmmədlinin səhhəti kəskin pisləşib.
“Kamerada kitab oxuyurdum. Qalxıb su götürmək istədim. Bir addım atmışdım ki, sanki məhkəmə zalında olduğu kimi, yenə də sanki sinəmə zərbə vuruldu və bir anda başım gicəlləndi. Müvazinətimi itirdim, yıxılmamaq üçün dizlərimin üstünə çökdüm”, – Nəsimi Məmmədlinin dediyinə görə, Ələsgər Məmmədli avqustun 9-da təcridxanada baş verən hadisəni belə təsvir edib.
O, bildirib ki, Ələsgər Məmmədli daha sonra yıxılıb və digər şəxslərin köməyi ilə çarpayıya uzadılıb.
Nəsimi Məmmədlinin sözlərinə görə, avqustun 10-da Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gələn həkimlər Ələsgər Məmmədlini müayinə ediblər. Nəsimi Məmmədli deyir ki, həkimlərdən biri təcridxanadakı şəraitdə onun ürəyindəki problemin tam müəyyənləşdirilməsinin mümkün olmayacağını və müayinənin kənarda aparılmasının lazım gəldiyini deyib.
Nəsimi Məmmədlinin qardaşına istinadən danışdığına görə, Ələsgər Məmmədli bununla bağlı rəsmi sənəd istəyib. Həkim isə belə sənəd verə bilməyəcəyini və bunun işini itirməsinə səbəb ola biləcəyini deyib.
Nəsimi Məmmədli vəziyyətin əsas probleminin tibbi müayinələrin tam aparılmaması olduğunu düşünür:
“Xəstəliyini bilən, görən və müalicəyə ehtiyacı olduğunu anlayan həkim belə o sənədi verməkdən imtina edir”.
Onun sözlərinə görə, avqustun 11-də Ələsgər Məmmədlidən qan analizləri götürülüb və ürəyin exokardioqrafik müayinəsi aparılıb. Ailə bundan sonra Tibb İdarəsinin hansı qərarı verəcəyini gözləyir.
Nəsimi Məmmədli hesab edir ki, məsələ yalnız təcridxana səviyyəsində həll edilə bilməz və Ədliyyə Nazirliyinin müdaxiləsinə ehtiyac var. Onun sözlərinə görə, ailə üçün hazırda əsas məsələ Ələsgər Məmmədlinin sağlamlığının və həyatının qorunmasıdır.
Ələsgər Məmmədlinin səhhəti ilə bağlı narahatlıqlar bundan əvvəl də ailəsi və vəkilləri tərəfindən gündəmə gətirilib. Onun qalxanvari vəzisində düyün və şişlərin olduğu, bununla bağlı əlavə müayinələrə ehtiyac yarandığı bildirilib. Vəkilləri onun ev dustaqlığına buraxılması üçün vəsatətlər qaldırsalar da, məhkəmələr tərəfindən təmin edilməyib.
Ələsgər Məmmədli 2024-cü il martın 8-də “Toplum TV işi” üzrə saxlanılıb. O, əvvəlcə qaçaqmalçılıqda, daha sonra isə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi ittihamları ilə təqsirləndirilib. Məmmədli ittihamları qəbul etmir və həbsinin siyasi motivli olduğunu bildirir. 2026-cı il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 14 il müddətinə azadlıqdan məhrum edib. Həmin gün “Toplum TV işi” üzrə 9 nəfər barəsində hökm çıxarılıb.