Ermənistan hökumətinin binası qarşısında Qarabağdan köçürülmüş sakinlərin etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları yeni biometrik pasportlarda “Doğum yeri” bölməsində “Azərbaycan” yazılmasına etiraz ediblər.
“Artsaxın ( Qarabağda yaradılmış keçmiş separatçı idarəetmənin adı- red.) erməni kimliyinin qorunması bütün erməni xalqına aid məsələdir. Bu torpaqda yaşamış insanların pasportunda ‘Azərbaycan’ yazılmamalıdır. Biz heç vaxt Azərbaycan torpağında yaşamamışıq”, – deyə “Artsaxın Dirçəlişi” ictimai təşkilatının sədri Anastas İsraelyan jurnalistlərə bildirib.
İsraelyanın sözlərinə görə, Ermənistan hakimiyyəti bu addımla “Qarabağ xalqına qarşı törədilmiş cinayətin izlərini ört-basdır etməyə və məsələni mümkün qədər tez bağlamağa çalışır”. O, cəmiyyətin susmasının baş verənlərə şərik olmaq anlamına gələcəyini vurğulayıb.
Aksiya zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan hökumət binasından çıxarkən jurnalistlər onunla söhbət etməyə çalışıblar. Qriqoryan pasportlarda Azərbaycan qeydinin yazılmasını belə əsaslandırıb:
“Onlar harada doğulublar? Doğulanda Artsax mövcud idimi? Orada yaşamaqları fərq etmir. Mən də Rusiyada, Fransada yaşamışam. Bəs nə olsun? Əgər orada doğulublarsa, pasportda başqa nə yazılmalıdır?”
Qriqoryan “Artsax Respublikası”nın ləğv edildiyini xatırladaraq, etirazçıların emosiyalar üzərindən oynadığını iddia edib. Buna cavab olaraq aksiya iştirakçıları “Biz buradayıq, çünki siz bizə xəyanət etmisiniz” və “Artsax Ermənistandır, nöqtə” şüarları səsləndiriblər.
Məsələ aksiya ilə ilk dəfə gündəmə gəlməyib. Bundan əvvəl də yeni pasportlarda Azərbaycan qeydinin yazılması ilə bağlı narazılıqlar yaranıb. Ermənistan parlamentinin deputatı Arman Hovsepyanın açıqlamasına görə, əvvəlki dövrdə bəzi vətəndaşların pasportlarında da Azərbaycan yazılmasına cəhd edilib, lakin etirazlardan sonra qeyd dəyişdirilərək doğulduqları yaşayış məntəqəsinin adı ilə əvəzlənib.
Qarabağda fəaliyyət göstərmiş separatçı qurumun keçmiş dövlət naziri Artak Beqlaryan da noyabrın 21-də yeni biometrik pasport almaq üçün müraciət etdiyini, lakin doğum yeri bölməsində “Azərbaycan” yazılmamasını tələb etdiyini açıqlayıb. O, tələbin rədd ediləcəyi təqdirdə məhkəməyə, zərurət yaranarsa, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini bildirib.
Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti isə yeni qeydiyyat qaydasını ICAO və ISO standartları ilə əsaslandırıb.