Zibeydə Sadıqova: “20 dəfə əməliyyat olunmuş, təzyiq xəstəsi olan şəxsi bir gün içində yenidən Kürdəxanıya qaytarmağın mənası nədir?”
“Meydan TV işi” üzrə həbsdə olan baş redaktor Aynur Elgünəşin (Qənbərova) ağır əməliyyatdan bir gün sonra yenidən Kürdəxanı İstintaq Təcridxanasına qaytarılması planlaşdırılır.
Bu barədə jurnalistin vəkili Zibeydə Sadıqova noyabrın 14-də məlumat verib.
Vəkilin sözlərinə görə, noyabrın 13-də Mərkəzi Gömrük Hospitalında böyrəyindən əməliyyat olunan Aynur Elgünəşin bir müddət həkim nəzarətində qalmasına ehtiyac var. Lakin ona jurnalistin yenidən təcridxanaya qaytarılacağı bildirilib.
“Aynur Elgünəşin əməliyyatı dünən olub və ağır əməliyyat keçirib. İndi də bizə deyirlər ki, Kürdəxanıya qaytarılacaq”, – vəkil yazıb.
Zibeydə Sadıqova bildirib ki, jurnalist əməliyyatdan sonra xüsusi tibbi qulluğa ehtiyac duyur. Onun fikrincə, Aynur Elgünəş bir müddət xəstəxanada saxlanılmalı, tibb bacılarının nəzarəti təmin edilməli, bədənindəki şişlərin və dərisindəki qançırların mənşəyi araşdırılmalıdır.
Vəkil jurnalistin əvvəllər də çoxsaylı cərrahi əməliyyatlar keçirdiyini, fiziki məhdudiyyətlərinin və arterial təzyiq problemlərinin olduğunu qeyd edib.
“Fiziki məhdudiyyətli, 20 dəfə əməliyyat olunmuş, təzyiq xəstəsi olan şəxsin bir gün içində yenidən Kürdəxanıya qaytarmağın mənası nədir? Həkim müayinəsindən məhrum etməyin adı nədir?” – Sadıqova sual edib.
Müdafiəçi jurnalistin əməliyyatdan sonra yaxınları ilə görüşünə də icazə verilmədiyini bildirib.
Onun sözlərinə görə, Aynur Elgünəşin bacısı əməliyyatdan sonra onunla nə birbaşa, nə də onlayn şəkildə əlaqə saxlaya bilib.
Vəkil hospitalda kifayət qədər Penitensiar Xidmət əməkdaşının yerləşdirildiyini və jurnalistin tam nəzarətdə saxlanıldığını qeyd edib. Bununla yanaşı, əməliyyat və saxlanma şəraiti barədə ailəyə ətraflı məlumat verilmədiyini deyib.
“Bütün əməliyyat və saxlanma şəraiti tam məxfi saxlanıldı. Aynurun bir müddət tam həkim nəzarətinə ehtiyacı var”, – vəkil vurğulayıb.
Aynur Elgünəş noyabrın 12-də Mərkəzi Gömrük Hospitalına aparılıb, noyabrın 13-də isə böyrəyindən əməliyyat olunub. Vəkili daha əvvəl jurnalistin səhhətinin ağırlaşdığını, təcili tibbi müdaxiləyə ehtiyacı olduğunu bildirmişdi.
Müdafiə tərəfi onun sağlamlıq vəziyyətini əsas gətirərək ev dustaqlığına buraxılmasını da istəmişdi. Lakin məhkəmə bu vəsatəti təmin etməyib.
Aynur Elgünəş 2024-cü il dekabrın 6-dan həbsdədir. O və “Meydan TV işi” üzrə həbs olunan digər jurnalistlər ittihamları qəbul etmir, cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Jurnalistin əməliyyatdan sonra təcridxanaya qaytarılıb-qaytarılmayacağı və xəstəxanada nə qədər saxlanılacağı barədə Penitensiar Xidmət hələlik açıqlama verməyib.