Naxçıvanda hərbi xidmətə yeni başlayan əsgər naməlum şəraitdə ölüb

Əsgər Elnar Tağıyev – Ailə arxivindən

Naxçıvanda hərbi xidmət keçən əsgər Elnar Tağıyev naməlum şəraitdə həyatını itirib. Bu barədə hərbçinin yaxınları məlumat yayıblar.

Əsgərin yaxınlarından birinin məlumatına görə, Elnar Tağıyev oktyabrın son həftəsində hərbi xidmətə yollanıb. Noyabrın 8-də andiçmə mərasimi keçirilib və əsgərlər bir neçə saatlıq evə buraxılıblar. Lakin Elnar Tağıyevin ailəsi həmin gün günortadan sonra onunla əlaqə saxlaya bilməyib.

Yaxınının sözlərinə görə, axşam saatlarında polis ailəyə zəng edərək əsgərin Naxçıvan şəhərindəki Sahil Parkında intihar etdiyi barədə məlumat verib. Ailə xəstəxanaya gedərək onun meyitini təhvil alıb.

Ailəsinə hadisə ilə bağlı istintaq aparıldığı bildirilib. Əsgərin yaxını araşdırmanın nəticəsini gözlədiklərini qeyd edərək, ölümə görə məsuliyyət daşıyan şəxslər varsa, onların cəzalandırılmasını istəyib.

Əsgərin ölümünün dəqiq səbəbi, hadisənin hansı şəraitdə baş verdiyi barədə məlumat verilməyib.

Hərbçi ölümləri ilə bağlı son statistika

Meydan TV-nin oktyabrın 5-də yayımladığı məlumata görə, 2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun monitorinqinə əsasən, ölənlərdən 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzalarında, 7-si bədbəxt hadisələr, 5-i intihar, 1-i isə ehtiyatsızlıq nəticəsində ölüb. Daha 9 hərbçinin ölüm səbəbi açıqlanmayıb. Həyatını itirənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, 4-ü isə digər güc strukturlarının hərbi qulluqçularıdır. Müqayisə üçün, 2025-ci ildə qeyri-döyüş şəraitində azı 43 hərbçi ölüb. Müdafiə Nazirliyi və digər rəsmi qurumlar hərbçi ölümləri ilə bağlı yekun statistikanı ictimaiyyətə açıqlamırlar.

Ana səhifə ▸ Xəbərlər ▸ Naxçıvanda hərbi xidmətə yeni başlayan əsgər naməlum şəraitdə ölüb