Frank Şvabe: “Azərbaycan hökuməti insan hüquqları ilə bağlı öhdəliklərinə əməl etmir”

Almaniya Bundestaqının deputatı Frank Şvabe

Almaniya Bundestaqının deputatı: “Azərbaycanla iqtisadi əlaqələrimiz ola bilər, amma bu, ölkədə baş verənlər haqqında susmalı olduğumuz anlamına gəlmir”

Almaniya Bundestaqının deputatı Frank Şvabe (Frank Schwabe) Azərbaycanda siyasi məhbusların sayının artmasından, jurnalistlərin həbsindən və insan hüquqlarının vəziyyətindən narahatlığını bildirib.

O, Berlində keçirilən “Berlin Freedom Week” çərçivəsində Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək məqsədilə təşkil edilən sərgidə iştirak edib.

Şvabe müsahibəsində Almaniya ilə Azərbaycan arasındakı iqtisadi münasibətlərdən, siyasi məhbusların azad edilməsi üçün beynəlxalq təşkilatların görə biləcəyi işlərdən və Azərbaycan hakimiyyəti ilə münasibətlərindən danışıb.

– Bu gün Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək sərgisində iştirak edirsiniz. Buraya gəlməyinizin əsas səbəbi nədir?

– Buradayam, çünki dünyada baş verənlər məni narahat edir. Hazırda Berlində Azadlıq Həftəsi keçirilir və müxtəlif ölkələrdəki vəziyyətə diqqət ayrılır.

Mən Azərbaycandakı vəziyyətlə kifayət qədər yaxından tanışam. Təəssüf ki, siyasi səbəblərlə həbs olunan insanların sayı durmadan artır. Biz hər dəfə bu rəqəmləri yeniləməli oluruq. Həbs edilənlərin arasında çoxlu jurnalist var.

Bu gün həmin insanların yanında olduğumu, onlara dəstək verdiyimi göstərmək üçün buradayam.

Düşünürəm ki, onların tək olmadıqlarını, heç kimin onları unutmadığını bilmələri çox vacibdir. Biz Azərbaycanda baş verənlər barədə danışmalı, insanları məlumatlandırmalıyıq. Çünki bu məsələyə maraq var.

– Almaniya ilə Azərbaycan arasında, xüsusilə enerji sahəsində iqtisadi əməkdaşlıq mövcuddur. Sizcə, bu münasibətlər Azərbaycandakı insan hüquqlarının vəziyyətinə necə təsir edir?

– Bilirsiniz, Almaniyanın dünyanın bir çox ölkəsi ilə iqtisadi əlaqələri var. Onların arasında avtoritar rejimlərin, hətta diktaturaların mövcud olduğu ölkələr də var.

Təəssüf ki, Azərbaycan da artıq belə ölkələrdən biridir. Kağız üzərində demokratik ölkə kimi görünə bilər. Amma diktaturanı xarakterizə edən əlamətlərə baxsaq, onların bu gün Azərbaycanda mövcud olduğunu görərik.

Bizim Çinlə və digər avtoritar ölkələrlə də geniş ticarət və iqtisadi münasibətlərimiz var.

Mən bu ölkələrlə bütün iqtisadi əlaqələrin kəsilməsini tələb edən insanlardan deyiləm. Amma iqtisadi əməkdaşlıq o demək deyil ki, biz insan hüquqlarının vəziyyəti barədə açıq danışmamalıyıq. Susmaq üçün heç bir səbəb yoxdur.

Azərbaycanda vəziyyət 10 il əvvəl də çox pis idi. İndi isə daha da pisləşib.

Mən istəmirəm ki, Azərbaycan tərəfi bizi hər şeyin qaydasında olduğuna inandırsın, ölkədəki vəziyyətlə bağlı yanlış mənzərə yaratsın.

Demokratiya, insan hüquqları və qanunun aliliyi ilə məşğul olan beynəlxalq təşkilatlar var. Onlardan biri Avropa Şurasıdır. Almaniya da bu təşkilatın üzvüdür və biz orada Azərbaycanla bağlı çoxsaylı müzakirələr aparırıq.

Almaniya hökuməti də Azərbaycandakı vəziyyətin pis olduğu qənaətini bölüşür.

Azərbaycanla Avropa Şurası arasında yaranmış institusional qarşıdurmanın səbəblərindən biri də budur. Azərbaycan Prezidenti mənim gördüyüm işlərdən məmnun deyil. Amma mən sadəcə Azərbaycanın özünün qəbul etdiyi qaydalara və öhdəliklərə əməl etməsini tələb edirəm.

– Azərbaycanda həbsdə olan jurnalistlərin və digər siyasi məhbusların azad edilməsini sürətləndirmək üçün nə etmək olar? Avropa Şurası və digər Avropa qurumları hansı addımları atmalıdır?

– Bunun yeganə bir yolu yoxdur. Əgər belə bir üsul olsaydı, onu dünyanın bir çox ölkəsinə tövsiyə edərdim.

Amma biz bu məsələləri daim gündəmdə saxlamalı, baş verənləri açıq şəkildə dilə gətirməliyik. Azərbaycana ciddi təzyiq göstərilməlidir.

Digər ölkələrin hökumətləri Azərbaycanla danışıqlarında siyasi məhbusların azad edilməsini tələb etməlidirlər.

Beynəlxalq təşkilatların da bu məsələdə rolu var. Azərbaycan Avropa Şurasının üzvüdür və bu təşkilata daxil olarkən müəyyən öhdəliklər götürüb. Bu öhdəliklərə, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına əməl etməlidir.

Azərbaycandakı vəziyyətlə bağlı çoxsaylı məhkəmə qərarları var. Biz qeyri-adi heç nə tələb etmirik. Sadəcə həmin qərarların icrasını istəyirik.

Azad edilməli olan çoxlu insan var. Azərbaycan isə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmir.

Ona görə də vəziyyəti ictimailəşdirmək çox vacibdir. Sizin bu gün burada etdiyiniz iş də bunun yaxşı nümunəsidir.

Məsələni yalnız 300-dən çox siyasi məhbusun olması ilə məhdudlaşdırmaq olmaz. Həmin insanların üzlərini, fotolarını, həyat hekayələrini və hansı şəraitdə saxlandıqlarını da göstərmək lazımdır.

Çünki o zaman görürük ki, bu insanlar cinayətkar deyillər. Onlar Azərbaycan xalqı üçün çox çətin, amma vacib işlər görən insanlardır.

İnsan hüquqlarına hörmət edilmirsə, buna görə məsuliyyət tələb edən qurumlar olmalıdır. Avropa Şurasının da vəzifələrindən biri budur.

Azərbaycan Prezidenti mənim fəaliyyətimdən narazı ola bilər. Amma mən yalnız Azərbaycanın imzaladığı sənədlərə və qəbul etdiyi qaydalara əməl etməsində israr edirəm.

– Bəs siyasi məhbusların azad edilməsi istiqamətində hansısa irəliləyiş görürsünüzmü? Azərbaycan hökuməti ilə bu barədə danışıqlar aparılırmı?

– Hazırda Azərbaycan hökumətindən heç kim mənimlə danışmır. (Gülür.)

Hətta Azərbaycana səfər etməyimə də icazə verilmir. Avropada Azərbaycana girişinə qadağa qoyulmuş 70-dən çox deputat var.

Əlbəttə, mən Azərbaycan hökumətinin nümayəndələri ilə danışmaq istəyərdim. Amma onlarla danışanda Avropa Şurasının dəyərlərinə hörmət edilməsini, məhkəmə qərarlarının icrasını tələb edirəm.

Azərbaycan hökumətindən istədiyim də məhz budur. Təəssüf ki, bunu etmirlər.

Məsələn, şəxsən tanıdığım Anar Məmmədli var. Onun kimi insanların azad edilməsi üçün Avropa Şurası çərçivəsində qərarlar qəbul olunub, Avropa İnsan Hüquqları Məhkəməsinin də siyasi həbslərlə bağlı qərarları var. Amma Azərbaycan bu öhdəlikləri yerinə yetirmir.

Digər tərəfdən, müəyyən irəliləyişlər də görürük. Məsələn, Qubad İbadoğlu ölkəni tərk edə bildi.

Ola bilsin ki, bu, beynəlxalq səylərin nəticəsidir. Təfərrüatları bilmirəm, amma əminəm ki, onun məsələsi hökumətlərarası danışıqların gündəmində olub.

Qubad İbadoğlu Almaniyada professor kimi çalışmaq istəyirdi. Bu, onun arzusu idi. Ümid edirəm ki, səhhəti yaxşılaşandan sonra həmin işə başlaya biləcək.

Yəni vəziyyət nə qədər ağır olsa da, heç kim özünü tək hiss etməməlidir.

Biz açıq şəkildə göstərməliyik ki, bu insanların heç biri unudulmayıb. Bu gənc qadınlar və digər jurnalistlər Azərbaycan həbsxanalarında olmamalıdırlar.

Onlar azadlıqda olmalı, istədikləri yerdə yaşaya və işləyə bilməlidirlər. Bəlkə də indi burada, Berlində bizimlə birlikdə olardılar.

Ana səhifə ▸ Müsahibə ▸ Frank Şvabe: “Azərbaycan hökuməti insan hüquqları ilə bağlı öhdəliklərinə əməl etmir”