Hafiz Babalıya cəzaçəkmə müəssisəsində dərman verilmir

Hafiz Babalı. Foto: Meydan TV

“AbzasMedia işi” üzrə 9 il azadlıqdan məhrum edilmiş araşdırmaçı jurnalist Hafiz Babalının cəzaçəkmə müəssisəsində dərman təminatının dayandırıldığı bildirilir. Yaxınlarının məlumatına görə, jurnalist bir ay yarımdır zəruri dərmanlarını ala bilmir.

Onların sözlərinə görə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan 55 yaşlı jurnalistin dərman təminatını dayandırıb.

Hafiz Babalının yaxınlarının bildirdiyinə görə, jurnalist damar xəstəliyindən əziyyət çəkir və üçüncü qrup görmə əlilliyi var. O, həkim tərəfindən təyin olunan göz təzyiqini aşağı salan dərmanı da əldə edə bilmir.

Jurnalist bu barədə vəkilinə məlumat verib. Onun sözlərinə görə, müəssisənin tibb-sanitar hissəsinin baş həkimi Səddam Hüseynli dərmanların verilməməsini satınalma müsabiqəsinin keçirilməsi ilə izah edib.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən konkret açıqlama almaq mümkün olmayıb.

Hafiz Babalı 2023-cü ilin dekabrında “AbzasMedia işi” çərçivəsində saxlanılıb. Eyni iş üzrə AbzasMedia-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, eləcə də “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs olunublar.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi çıxardığı hökmlə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

Beynəlxalq media və insan haqları təşkilatları “AbzasMedia işi”ni Azərbaycanda müstəqil jurnalistikaya qarşı təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirirlər.

Ana səhifə ▸ Siyasət ▸ Hafiz Babalıya cəzaçəkmə müəssisəsində dərman verilmir