Hicaba dəstək verən daha bir nəfər həbs olunub

Şahin Abdulov – Foto: Tiktok hesabı

“Facebook” sosial şəbəkəsində hicaba dəstək aksiyasında iştirakla bağlı paylaşıma görə Sabunçu rayon sakini Şahin Rövşən oğlu Abdulovun 15 sutka müddətinə inzibati qaydada həbs edildiyi bildirilir.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, noyabrın 3-də Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Şahin Abdulov barəsində 15 sutkalıq inzibati həbs qərarı çıxarılıb.
Bildirilir ki, onun həbsi sosial şəbəkədə hicab qadağasına etirazla bağlı etdiyi paylaşımdan sonra baş verib.

Facebook sosial şəbəkəsində noyabrın 6-da hicab qadağasına qarşı etiraz aksiyasının keçiriləcəyi barədə məlumat yayılıb. Şahin Abdulov da bu aksiyada iştirak etməklə bağlı paylaşım edib.

Yaxınlarının sözlərinə görə, onun İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə həbs olunduğu ailəsinə bildirilməyib.

2001-ci il təvəllüdlü Şahin Abdulov İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Nazirlər Kabineti sentyabrın 21-də məktəbli forması ilə bağlı qaydalara dəyişikliklər edib. Qərara əsasən, məktəbli formasının vahidliyini pozan və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir.

Oktyabrın 6-da müəllimlərin geyiminə dair də oxşar tələblər təsdiqlənib. Qərarlarda hicabın adı birbaşa çəkilməsə də, onların tətbiqi hicablı şagird və müəllimlərin məktəblərə buraxılmaması ilə bağlı narazılıqlara səbəb olub.

Oktyabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə şagird və müəllimlərin geyim qaydalarına əməl etməsinə nəzarətin gücləndiriləcəyini açıqlayıb. Bununla belə, idarə hicablı şagirdlərin dərsə buraxılmaması ilə bağlı şikayətlərə münasibət bildirməyib.

Oktyabrın 12-də Daxili İşlər Nazirliyi hicab məhdudiyyətlərinə qarşı etirazlarla əlaqədar 37 nəfərin həbs edildiyini açıqlayıb. Nazirlik onların ictimai qaydanı pozmağa və təhsil müəssisələrinin fəaliyyətinə mane olmağa cəhd etdiklərini iddia edib. Faktla bağlı Cinayət Məcəlləsinin 233-cü – ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə maddəsi ilə cinayət işi başlanıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Hicaba dəstək verən daha bir nəfər həbs olunub