“Meydan TV İşi”: Hörmət etdiyim adamlar burada olmasa, heç bu məhkəməyə gəlmərəm

Kollaj: Meydan TV

Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə məhkəmə prosesindəı noyabrın 2-dən etibarən şahidlərin ifadəsi başlayıb.

Hakim Zaur Hacıyevin sədrliyilə keçirilən məhkəmə prosesində həmçinin bir çox məsələlərlə bağlı vəsatətlər qaldırılıb.

Məhkəmə prosesində ifadə verən şahid Tamilla Qurbanova bildirib ki, “Bakı Jurnalistika Məktəbi”nin yerləşdiyi ofisin sahibidir. Onun ifadəsinə görə, əmlakını uzun illərdir qanuni əsasla icarəyə verib, başqa heç bir məlumatı yoxdur.

“Meydan TV işi” üzrə təqsirləndirilən şəxslərdən biri də Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovdur. O, etiraz edərək bildirib ki, ofisin 1500-2000 avroya icarəsi ilə bağlı cinayət işində olan sənədlər mötəbər sübut sayıla bilməz. Çünki onların hamısı kserosurətlərdir, sənədlərin əsli deyil və həqiqəti əks etdirmir.

Məhkəmə prosesinin gedişində “Meydan TV işi” üzrə təqsirləndirilən jurnalistlərdən Şəmşad Ağa ilə hakim Zaur Hacıyev arasında mübahisə yaranıb.

“Yaxınlarım, hörmət elədiyim adamlar burada olmasa, heç bu məhkəməyə gəlmərəm. Çünki bu, məhkəmə deyil, məzhəkədir. Siz özümüzü hakim hesab eləyirsiniz? Hakim olan kəs nəyisə araşdırar”, – deyə Şəmşad Ağa bildirib.

Zaur Hacıyev isə onun dediklərinə “burada şou göstərməyə ehtiyac yoxdur” deməklə cavab verib.

Daha sonra “Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin (Qənbərova) vəkili Zibeydə Sadıqova onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil xatırladıb ki, oktyabrın 26-da keçirilən məhkəmə iclasında da bu barədə vəsatət qaldırılmış, lakin təmin olunmamışdı: “Əlimdə maraqlı məlumat var. Məhkəmə tərkibinə daxil olan hakimlərimizdən Azər Tağıyevin icraatında siqaret qaçaqmalçılığı ilə bağlı bir iş var. Təqsirləndirilən şəxs xaricdə saxlanılıb gətirilib, həbs olunub. Buna baxmayaraq, onu ev dustaqlığına buraxıblar. Amma Aynur Qənbərova bir çox xəstəliklərdən əziyyət çəkir, II qrup əlildir, 17 dəfə əməliyyat olunub. Bu gün də təcili böhrək əməliyyatına ehtiyac var. Bu barədə həkimlər rəy verib. Orqanizmində başqa bir təhlükəli xəstəlik isə şişlərdir. Səhhəti günü-gündən pisləşir”.

Vəkil əlavə edib ki, müvəkkilinin əməliyyatı gecikdirilir. Bu da onunla bağlı təhlükəni getdikcə dərinləşdirir: “Mərkəzi Gömrük Hospitalında əməliyyat olunmalıdır. İndi də deyirlər ki, klinika rəhbərliyinin razılığı lazımdır”.

Bütün jurnalist həmkarları və vəkillər Aynur Elgünəşin ev dustaqlığına buraxılması barədə vəsatəti dəstəkləyiblər.

Hakimlər kollegiyası bu vəsatətlə bağlı uzun müddət müşavirə keçirib. Təxminən yarım saat sonra məhkəmə zalına qayıdaraq, vəsatətin təmin olunmadığını elan ediblər.

“Meydan TV”nin daha bir əməkdaşı Natiq Cavadlı həbs olunduqları gün axtarış zamanı evlərindən götürülən əşyalarının (kompüterləri, telefonları və s.) geri qaytarılması barədə yenidən vəsatət qaldırıb. O, ötən məhkəmə iclaslarında da bu barədə vəsatət qaldırmış, hakimlər bildirmişdi ki, sonda hökm çıxarılanda həmin əşyalarla bağlı qərar qəbul ediləcək. Bu dəfə də eyni cavab verilib.

Vəkil Rövşanə Rəhimli isə Bakı İstintaq Təcridxanasına (Kürdəxanı) sorğu göndərilərək görüntülərin alınması barədə vəsatət qaldırıb. Oktyabrın 26-da keçirilən məhkəmədə jurnalist Nurlan Libre (Qəhrəmanlı) istintaq təcridxanasında döyüldüyünü, “karsa” salındığını, vəkili ilə görüşməyinə icazə verilmədiyini bildirmişdi.

Bu məsələ ilə əlaqədar Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov məhkəməyə məktub göndərib. Məktubda yazıb ki, Nurlan Libre daxili intizam qaydalarını pozduğuna görə oktyabrın 19-da 3 günlük cərimə təcridxanasına salınıb. Onun vəkili ilə görüşünə məhdudiyyət tətbiq edilməsi barədə məlumatlar isə həqiqətə uyğun deyil.

“Xahiş edirəm, bu məlumatın araşdırılması məqsədilə istintaq təcridxanasından kamera görüntüləri alınsın. Görüntülərin saxlanma müddəti bir aydır. Bir ay başa çatmamış sorğu göndərilsin ki, sonra görüntülərin silindiyi deyilməsin. Həmin gün mən getmişəm və Nurlan Qəhrəmanlı ilə görüşə bilməmişəm. Bunun şahidləri də var”, – vəkil Rövşanə Rəhimli vəsatətini əsaslandırarkən bildirib.

Məhkəmə bu vəsatətlə əlaqədar Bakı İstintaq Təcridxanasına sorğu göndərməyə qərar verib.

Hakimlərdən biri Azər Tağıyev məzuniyyətə getdiyinə görə məhkəmə prosesi təxminən bir ay sonraya, noyabrın 30-na təyin edilib.

“Meydan TV” əməkdaşları 2024-cü il dekabrın 6-dan həbsdədir.

Məhkəmə qarşısına çıxarılan 12 nəfər arasında Meydan TV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova, Xəyalə Ağayeva və Ramin Deko, redaktor və “arqument.az” saytının rəhbəri Şəmşad Ağa, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov, foto-jurnalist Əhməd Muxtar, “Amerikanın Səsi” radiosunun əməkdaşı Ülviyyə Əli (Quliyeva), jurnalistlər Nurlan Libre, Fatimə Mövlamlı var.

Jurnalistlər onlara qarşı irəli sürülmüş qaçaqmalçılıq və başqa ittihamları rədd edir, hökumətin korrupsiyası və digər qanunsuzluqları barədə jurnalist fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Ana səhifə ▸ Meydan TV işi ▸ “Meydan TV İşi”: Hörmət etdiyim adamlar burada olmasa, heç bu məhkəməyə gəlmərəm