Hicab qadağasına etiraz edən məhbusun işgəncəyə məruz qaldığı və intihara cəhd etdiyi bildirilir

Yavər İsmayılzadə – İllüstrasiya: Chatgpt

1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan, hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Yavər İsmayılzadənin işgəncəyə məruz qaldığı və intihara cəhd etdiyi bildirilir.

Məhbus ailələrinin verdiyi məlumata görə, Şəmkir rayon sakini Yavər İsmayılzadə Azərbaycanda hicablı şagirdlərin məktəblərə buraxılmamasına etiraz olaraq oktyabrın 14-dən aclıq aksiyası keçirir.

Mənbə bildirir ki, məhbus aksiyaya başladığı ilk gündən cərimə kamerasına (“kars”) salınıb. Aclığı dayandırması üçün ona dəfələrlə təzyiq göstərildiyi deylir.

İddialara görə, Yavər İsmayılzadəni aclıq aksiyasını dayandırmayacağı təqdirdə daha sərt rejimli Umbakı həbsxanasına köçürüləcəyi və cəza müddətinin artırılacağı ilə hədələyiblər.

Nəlumata görə, son günlərdə məhbus iki dəfə fiziki zorakılığa məruz qalıb və hər iki hadisədən sonra özünə xəsarət yetirib.

Bildirilir ki, ilk hadisə təxminən bir həftə əvvəl baş verib. Oktyabrın 30-da isə Yavər İsmayılzadənin aclığı dayandırmaq tələbini yerinə yetirmədiyinə görə yenidən döyüldüyü iddia edilir.

Mənbə onun bu zorakılığa etiraz olaraq özünə ağır xəsarət yetirdiyini bildirib.

Müəssisədə saxlanılan digər məhbuslara Penitensiar Xidmətin əməkdaşları onun vəziyyətinin ağır olduğunu deyiblər. Lakin baş verənlər barədə məhbusun ailəsinə məlumat verilmir.

Yavər İsmayılzadənin hazırda harada saxlanıldığı, hansı tibbi yardım aldığı və səhhətinin dəqiq vəziyyəti barədə rəsmi məlumat yoxdur.

İşgəncə və özünə xəsarət yetirmə ilə bağlı iddialar rəsmi şəkildə təsdiqlənməyib. Penitensiar Xidmətin məsələyə münasibəti hələlik məlum deyil.

Yavər İsmayılzadə kimdir?

“Müsəlman Birliyi Hərəkatı”nın üzvü, Şəmkir rayon sakini Yavər Azər oğlu İsmayılzadə ikinci dəfə həbs həyatı yaşayır.

O, ilk dəfə 2018-ci ildə Gəncədə baş verən hadisələrdən sonra saxlanılıb. 2019-cu ilin mayında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin avqustunda apellyasiya instansiyası onun cəzasını 5 ilə endirib.

İsmayılzadə 2022-ci ilin mayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Lakin 2023-cü il martın 30-da yenidən saxlanılıb. Bu dəfə ona qarşı narkotik vasitələrlə bağlı ittiham irəli sürülüb.

2023-cü il noyabrın 21-də Gəncə Ağır Cinayətlər Məhkəməsi İsmayılzadəni 3 il müddətinə azadlıqdan məhrum edib. Əvvəlki cəzasından qalan 2 il 6 ay da yeni hökmə əlavə olunub və ona ümumilikdə 5 il 6 ay həbs cəzası təyin edilib.

Yavər İsmayılzadə ittihamları qəbul etmir. Hüquq müdafiəçiləri onun həbsini siyasi motivli hesab edirlər.

Ana səhifə ▸ Xəbərlər ▸ Hicab qadağasına etiraz edən məhbusun işgəncəyə məruz qaldığı və intihara cəhd etdiyi bildirilir