Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) həbsdə olan Meydan TV-nin baş redaktoru Aynur Elgünəşin səhhətinin ağırlaşması ilə bağlı bəyanat yayıb.
Təşkilat oktyabrın 21-də paylaşdığı açıqlamada jurnalistin həbsdə lazımi tibbi yardımdan məhrum edildiyini və hazırda müalicə müəssisəsində kritik vəziyyətdə olduğunu bildirib.
“Meydan TV-nin baş redaktoru Aynur Elgünəş həbsdə adekvat tibbi yardımdan məhrum edildikdən sonra xəstəxanada kritik vəziyyətdədir. RSF onun tibbi əsaslarla azadlığa buraxılmasını tələb edir və səhhətinə dəyə biləcək hər hansı geri dönməz zərərə görə hakimiyyəti məsuliyyət daşıyan tərəf hesab edir”, – təşkilatın açıqlamasında deyilir.
Aynur Elgünəş səhhətinin pisləşməsi səbəbindən oktyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Vəkil Zibeydə Sadıqova daha əvvəl jurnalistin səhhətində ciddi problemlərin olduğunu, onun indiyədək 17 dəfə əməliyyat keçirdiyini və həbs olunmazdan əvvəl də növbəti əməliyyata hazırlaşdığını bildirmişdi.
Jurnalistin yaxınlarının məlumatına görə, oktyabrın 14-də Bakı İstintaq Təcridxanasında onun vəziyyəti daha da pisləşmişdi. Arterial təzyiqinin yüksəldiyi, üzünün rənginin saraldığı, diafraqma nahiyəsində sıxılma və nəfəs almaqda çətinlik yaşadığı deyilirdi.
Meydan TV-nin baş redaktoru Aynur Elgünəş 2024-cü il dekabrın 6-dan həbsdədir. “Meydan TV işi” üzrə ümumilikdə 12 nəfər ittiham olunur. Onlara əsasən qaçaqmalçılıq və digər maddələrlə ittihamlar irəli sürülüb. Jurnalistlər ittihamları qəbul etmir və peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər.