Ailə deyir ki, DSX əsgəri ölümündən günlər əvvəl təhqir və təzyiqdən şikayət edib

Əsgər Orxan Şabanov – Foto: Sosial Media

Dövlət Sərhəd Xidmətində (DSX) hərbi xidmət keçən 19 yaşlı Orxan Mahir oğlu Şabanovun ölümü ilə bağlı ailəsi hadisənin hərtərəfli və şəffaf araşdırılmasını istəyir.

Çavuş rütbəli Orxan Şabanov 2007-ci il sentyabrın 13-də Lənkəranda anadan olub. Yaxınlarının sözlərinə görə, o, Lənkəran şəhərindəki Teymur bəy Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin məzunu olub və hərbi xidmətini DSX sıralarında keçirib.

Ailə üzvlərindən biri Meydan TV-yə bildirib ki, evin tək övladı olan Orxanın atası səhhətindəki problemlərə görə işləmir, anası isə uzun illərdir Lənkəranda müəllim işləyir.

Yaxınının sözlərinə görə, Orxan ölümündən cəmi üç-dörd gün əvvəl anasına zəng edib və hərbi xidmətdə üzləşdiyi münasibətdən şikayətlənib.

“Anasına demişdi ki, həm özünə, həm də anasına qarşı təhqirlər səsləndirilir, təzyiq altındadır. Amma baş verənlər barədə ətraflı danışmaq istəməmişdi. Bir neçə gün sonra isə ailəyə onun həyatını itirdiyi bildirildi”, – ailə üzvü deyib.

Yaxınları bildirirlər ki, ailəyə verilən ilkin məlumata görə, Şəmkirdəki “N” saylı hərbi hissədə xidmət edən Orxan Şabanov özünə atəş açıb. Bununla belə, hadisənin dəqiq hansı şəraitdə baş verdiyinə dair ailəyə ətraflı məlumat verilməyib.

Yerli mediada yayılan məlumatlarda da əsgərin güllə yarasından öldüyü qeyd olunur. Ancaq ölümün hansı şəraitdə baş verdiyi barədə hələlik rəsmi açıqlama yoxdur. 

Ailə Orxanın ölümündən əvvəl səsləndirdiyi şikayətlərin araşdırılmasını tələb edir. Yaxınları bildirirlər ki, onun hərbi hissədə hansı münasibətlə üzləşdiyi, təhqir, təzyiq və ya zorakılığın olub-olmadığı müəyyənləşdirilməlidir.

“Biz onu yaxından tanıyırdıq. Amma hərbi hissədə nələr yaşadığını, hansı təzyiqlərlə üzləşdiyini və son günlərdə psixoloji vəziyyətinin necə olduğunu tam bilmirik. Əgər hadisənin intihar olduğu bildirilirsə, onu bu həddə çatdıra biləcək təhqir, təzyiq və ya zorakılığın olub-olmadığı da araşdırılmalıdır. Başqa şəxsin müdaxiləsi ehtimalı da istintaq zamanı yoxlanılmalıdır”, – ailə üzvü bildirib.

Yaxınları məqsədlərinin hər hansı sübut olmadan ittiham etmək olmadığını deyirlər. Onların sözlərinə görə, ailə yalnız ölümün səbəbi və şəraiti ilə bağlı suallara aydın cavab almaq istəyir.

“Valideynlər övladlarını hərbi xidmətə əmanət ediblər. Onların nə baş verdiyini bilmək haqqı var. Məqsədimiz kimisə sübut olmadan ittiham etmək deyil. Həqiqətin üzə çıxmasını, məsuliyyəti olan şəxslər varsa, qanun qarşısında cavab verməsini istəyirik. Heç bir əsgər ölümü cavabsız suallarla qalmamalıdır”, – yaxınlarından biri Meydan TV-yə deyib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun məlumatına görə, 2026-cı ilin əvvəlindən Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Onlardan 10-nun DSX əməkdaşı olduğu bildirilir. İnstitutun məlumatında 9 hərbçinin ölüm səbəbinin açıqlanmadığı qeyd olunur.

Dövlət Sərhəd Xidməti Orxan Şabanovun ölümü və ailənin səsləndirdiyi iddialarla bağlı hələlik açıqlama verməyib.

Ana səhifə ▸ Xəbərlər ▸ Ailə deyir ki, DSX əsgəri ölümündən günlər əvvəl təhqir və təzyiqdən şikayət edib